Ermənistanın Beynəlxalq Cinayətlər Məhkəməsinə (BCM) üzv olması çoxdan planlaşdırılıb, amma bu, qurumun anti-Rusiya qərarları ilə üst-üstə düşdüyü üçün İrəvanın Moskva ilə münasibətlərini çətinləşdirən amilə çevrilib.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Pritçin deyib.
“Bu, çoxdan qəbul edilmiş qərarın son icrasıdır və Rusiya rəsmilərinə qarşı işlərlə üst-üstə düşdüyü üçün belə rezonans doğurub”, - ekspert bildirib.
Onun sözlərinə görə, İrəvanın əsas məqsədi Ermənistanın uzun müddət Qarabağ mövzusunda münaqişədə olduğu Azərbaycana təzyiq göstərmək üçün əlavə imkan əldə etmək olub. Pritçin qeyd edib ki, münaqişə ötən ilin payızında başa çatıb, tərəflər sülh müqaviləsi üzərində işləyir və qalan məsələləri həll etməyə çalışırlar.
“Əvvəlcə Ermənistanın məntiqi belə idi: Azərbaycana təzyiq etməkdən ötrü hüquqi imkanlara malik olmaq üçün BCM-ə qoşulmaq. Amma Azərbaycan BCM-in üzvü deyil, yəni müvafiq olaraq, onun qərarları Azərbaycanın avtomatik məsuliyyət daşıması demək olmayacaq. Məsələ qarşıdurmaya çevrildi, ermənilər Azərbaycana təzyiq alətləri əldə etmək istəyirdilər, amma sonda bu, bizim əməkdaşlığımıza mənfi cəhətlər gətirən psixoloji və siyasi məqama çevrildi”, - politoloq vurğulayıb.
Rəsmi Moskva Ermənistanın BCM-yə daxil olmasını “qeyri-dost addım” adlandırıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin söyləyib ki, federasiyanın ali rəhbərliyinin nümayəndələrinin həbsinə order verən BCM-in ədalətlə heç bir əlaqəsi yoxdur, o, siyasiləşmiş qərbyönlü strukturdur.
Ermənistan bu gün (fevralın 1-də) Roma Statutunu ratifikasiyasını təsdiq edən sənədləri təşkilata rəsmən təqdim edərək BCM-nin 124-cü tamhüquqlu üzvü olub.