Üç milyon əhalisi olan Ermənistanın bütün qonşularına ərazi iddiaları irəli sürməsi məntiqli deyil.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Vaaqn Aleksanyan deyib.
“Tarixi ədalətdən danışanda ilk növbədə bunun nə demək olduğunu anlamaq lazımdır. Biz tarixi ədalətdən danışanda, qonşularımıza qarşı ərazi iddialarını da daxil etdikdə yadda saxlamalıyıq ki, bu, onların xoşuna gəlmir. Van gölündən danışanda niyə Urmiya gölündən danışmırıq? Kim deyir ki, ərazi iddiaları yalnız Vanla bitməlidir, məsələn, Urmiya gölü bura daxil edilməməlidir? Bu baxımdan, üç milyon əhalisi olan Ermənistanın bütün qonşularına tarixi ədalət baxımından ərazi iddiaları irəli sürməsi məntiqlidirmi? Bu məntiqlidir?”, - deputat bildirib.
Aleksanyan Ermənistanın qonşu ölkələrə qarşı ərazi iddialarını “xəyal” adlandırıb:
“Bizim nəslin ən vacib arzusu suveren Ermənistan Respublikası olmalıdır, biz uzun illər əvvəl bizim üçün yazılmış, bizim üçün qoyulmuş yolla getməməliyik ki, nə vaxtsa öz suverenliyimizi itirək və ya əldə edə bilmədiyimiz bir şeyin arxasınca gedək. Siz başa düşürsünüz ki, dünyanın heç bir dövləti Qarabağı müstəqil Ermənistanın bir hissəsi kimi tanımayıb?
Yada salaq ki, Ermənistanın Müstəqillik Aktının 1-ci bəndində deyilir: Ermənistan SSR-in adı dəyişdirilərək Ermənistan Respublikası adlandırılır, qısaldılmış şəkildə Ermənistan. Ermənistan Respublikasının öz bayrağı, gerbi və himni var”.