18 Fevral 16:06
1 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

XIX əsrin ikinci yarısından 1930-cu illərə qədər İrəvan bölgəsindən rus və erməni zülmünə görə qaçan Azərbaycan türklərinin ən çox yerləşdiyi bölgə Qars şəhəri idi.

Burada məskunlaşan ailələrdən biri də Demirallardır və onların ən məşhur təmsilçisi Dr. Budak Demiral olub. Həkimlik fəaliyyəti ilə yanaşı Qarsdakı ictimai-mədəni həyatda da aktiv iştirak edən Demiral 1923-cü ilin yanvar ayında bu şəhərdə dünyaya gəlib. İbtidai və orta sinfi Qarsda oxuyan Budak bəy İstanbul Universitetinin Tibb fakültəsinə daxil olub, 1947-ci ildə buranı bitirib. Ardınca İsveçrənin Sürix Universitetinin Tibb fakültəsinin daxiliyyə klinikasında təcrübə keçib, doktor dərəcəsi qazanıb. 1952-ci ilin sonunda İstanbul Universitetinin Tibb fakültəsində daxili xəstəliklər üzrə imtahanlardan keçib, uzmanlıq dərəcəsini əldə edib. 20 il Qarsda, 30 il İsveçrədə şəxsi müayinəxanasında xəstələri müalicə edib. 2004-cü ildən etibarən həkimlik fəaliyyətini dayandıran Demiral ömrünü İsveçrədəki evinin bağçasında keçirib. Eyni zamanda türk folklor tarixi ilə məşğul olan Budak bəy Qars Xalq Evinin qurucularından olub, “Kars Eli” jurnalında bu mövzularda məqalələr qələmə alıb. “Qarsdan İsveçrəyə anılarım” adlı geniş həcmli əsərində İrəvandan köçən ailəsindən də bəhs edib.

İrəvandan köç

Demiralın yazdığına görə ailəsi 1877-1878-ci illərdəki Rus-Türk müharibəsindən sonrakı dövrlərdə İrəvanın Talin bölgəsindən Qarsın əvvəlcə Mervek kəndinə, daha sonra Subatan kəndinə köç edib. Lakin Subatan kəndliləri qaçqınları qəbul etməyiblər, əziyyət veriblər: “Buna görə də Subatana yaxın Hacıvəli kəndində az-çox səlahiyyətli bir şəxs olan Xatunoğullarından bir yüzbaşıya müraciət edib kömək istəyirlər. Bu əsil-nəcabətli möhtərəm zat subatanlıların ağsaqqallarını dəvət edib mühacirlərin kəndlərində qalmalarını rica etsə də, subatanlılar “olmaz, onlar şiədirlər, biz qəbul etmirik” deyirlər. Xatunoğlu da “amma, siz kəndinizdə rumlara yer verdiniz, onlarla yaşayırsınız, bu müsəlmanlarla niyə birlikdə olmursunuz?” deyir. Buna rəğmən subatanlılar mühacirlərə yenə üz göstərmədikləri üçün onların təkrar Xatunoğluna müraciət etməkdən başqa çarələri qalmır”.

Nəticədə yüzbaşı irəvanlı mühacirləri Xaraba kəndə yerləşdirib. Qaçqınlar ardınca Qaraqaş kəndini abad edərək orada məskunlaşıblar. Onlar arasında Budak bəyin dədələrindən Məmməd və oğlu Ramazan da vardı. İki dəfə ailə quran Ramazanın birinci evliliyindən Həbib və Məmməd, ikincidən isə Əhməd adlı övladları doğulub. Əhmədin Sevgili adlı qadınla evliliyindən isə Şirin və Rüstəm adlı uşaqları olub. Rüstəm 1899-cu ildə doğulub, 13-14 yaşında atasını itirib. Şəhriban adlı qadınla evlənib, Dr. Budak Demiral onun oğlu olub. Rüstəm bəy 1987-ci ilin noyabrında, Şəhriban xanım isə 1971-ci ilin fevralında vəfat ediblər.

I Dünya müharibəsi nəticəsində Qars şəhəri erməni dəstələrinin əlinə keçdiyi üçün Demiralların yaşadığı kənd iki dəfə talana məruz qalıb. Ermənilər Subatan kəndinin əhalisini məscidə doldurub yandırıblar. Ona görə də Budak bəyin valideynləri və qohumları Tiflisə, ardınca Gəncəyə gediblər. Demiral xatirələrində yazıb: “Gəncədə kənd əhlinə binanın zirzəmi kimi bir qismində yer verirlər. Oradakı yerli təşkilat yemək paylayırmış. Atam bir az oxumağı-yazmağı bildiyi üçün yemək paylamağı və sair işləri ona həvalə edirmişlər. Dədəmiz Əhməd atam Rüstəmi uşaq ikən Qaraqaş kəndində ibtidai məktəb olmadığı üçün Sevgili nənəmin qardaşının, atasının evi olan Pirveli kəndinə bazar ertələri atın tərkinə alıb aparırdı. O kənddəki ərəbcə, rusca məktəbə qoyar, həftə sonlarında gətirərdi. Gəncədə qaldıqları bir gün ermənilər kəndin kişilərini toplayıb öldürmək üçün apararkən rus zabitlərinə rast gəlirlər. Atam qafilədən ayrılıb rus zabitlərinə vəziyyəti danışır və onlar bu qətliama mane olurlar”.

Gəncədəki erməni zülmündən cana yığılan qaçqınlar bu dəfə Xəzərin cənubundakı Astara qəsəbəsinə gediblər, oradan da Güney Azərbaycanın Ərdəbil və Sərab şəhərlərindən keçərək Təbrizə çatıblar. Bu zaman tarix 1921-ci ilin yay ayları idi. Yerli türklər qaçqınların hər cür ehtiyaclarına kömək ediblər. Kazım Qarabəkir paşanın Qarsı xilas etdiyini öyrənincə yerli xalq onlara İranda qalsalar, tarla verəcəklərini, kəndə yerləşdirəcəklərini, əks halda isə öz yurdlarına qayıtmaları üçün yol məsrəfi xərclərini ödəyəcəklərini bildiriblər. Qaçqın kəndlilər Qarsa qayıtmağa qərar veriblər və 1922-ci ilin yayında geri dönüblər. Bu ərəfədə hərb tamamilə bitmədiyi üçün Rüstəm bəy xidmətə götürülüb. Bir il sonra isə Budak bəy dünyaya gəlib. Rüstəm bəy Qarsda dəmirçiliklə məşğul olub.

Xatirələrində orta məktəb dövründən geniş bəhs edən Dr. Budak Demiralın bir qeydi olduqca maraqlıdır: “Orta məktəbin 4 və ya 5-ci sinfində ikən karandaşla çox gözəl rəsmlər çəkərdim. Yuxarı siniflərdə də bu davam edincə rəsm müəllimimiz Kazım Muğan mənə “sən rəssam olacaqsan” deyərdi”. Bu şəxs Qars Milli Şurasının üzvü olmuş azərbaycanlı rəssam Əkbər Kazım Muğandır.

Yuxarıda da bəhs etdiyimiz kimi Budak bəy Sürixdə də təhsil alıb. 1951-ci ildə orada tanış olduğu Claire adlı tibb bacısı ilə 1954-cü ildə İstanbulda evlənib. 9 iyul 1955-ci ildə ilk övladları Alpər dünyaya gəlib.

Qars Xalq Evi

Həkimliyi ilə yanaşı Qarsın maddi dəyərlərinə, şifahi xalq yaradıcılığına diqqət göstərən Budak bəy 1964-cü ilin oktyabrında Hacı Zergeroğlu ilə birlikdə şəhərdə ilk muzeyi qurub. Eyni zamanda həmin il Qarsda Xalq Evi Dərnəyini və “Kars Eli” dərgisini təsis edib. Dərginin ikinci sayında (sentyabr, 1964) “Müstəqil yeni xalq evləri” adlı məqalə yazıb, quruluşun məramını açıqlayıb. O, Mustafa Kamal Atatürkün xoş niyyətlə, xalqa xidmət məqsədilə yaratdığı Xalq Evləri layihəsinin Cümhuriyyət Xalq Partiyası ilə Demokrat Partiya arasındakı qarşıdurmalar nəticəsində dağıldığını, hakim partiyanın öz siyasi məqsədlərinə alət etdiyini yazıb. Demiral CXP ilə yanaşı 1950-ci ildə iqtidara gələn DP-nin də bu məsələdə günahkar olduğunu qeyd edib, Xalq Evlərini qapatmaqdansa, onu CXP-nin təsirindən qurtarmağın daha doğru ola biləcəyini ifadə edib.

Dərgidə Budak bəyə Xalq Təhsili Mərkəzinin müdiri, Azərbaycan əsilli Həsən Kartari bəy də kömək olub. Həsən bəyin atası Kərim Kartari vaxtilə rus və ermənilərlə aparılmış Şalon müharibəsində yaralanıb, sonra Qarsa keçib. 1965-də Qarsda vəfat edib.

Dərnəkdə Budak bəyin müavini Hacı Zergeroğlu olub. Dərginin əsas yazarları Z. Mahir Baranseli, Nizamettin Onk, M. Fahrettin Kırzıoğlu, Beşir Doster, Mustafa Zergeroğlu, Samime Baltacıoğlu, Mustafa Turan, Kərim Yaycılı və digərləri olublar. Rəfibəylilər nəslindən, Türk Qadınlar Birliyinin Qars şöbəsinin sədri Gülçöhrə Askeran xanım da jurnalda bir sıra yazılar qələmə alıb.

Dr. Budak Demiralın Qars Xalq Evini cəmiyyət üçün faydalı bir şəkildə idarə edib. Müxtəlif kurslar təşkil edilib, toplantılar keçirilib, önəmli tarixi günlər qeyd olunub. 1969-cu ildə Qars Xalq Təhsili Mərkəzində baş tutan “Qars folklorunun bugünkü məsələləri” adlı toplantında Dr. Budak Demiral çıxış edib. Bu mühüm yığıncaqda həmin vaxt Qarsda olan azərbaycanlı mühacir, professor Əhməd Cəfəroğlu, Həsən Kartari, Rəfibəylilər nəslindən Gülçöhrə Askeran da iştirak ediblər. Demiral çıxışında Qars folkloru haqqında düşüncələrini bölüşüb.

Dr. Beşir Doster Demirala həsr etdiyi məqaləsində həm həkim, həm də ictimai xadim kimi onu bu şəkildə təqdim edib: “Doktor Budak bu topluma qarşı borcunu ən çox ödəyən nadir bəxtiyarlardan biridir. İyirmi ildən bəri gecə-gündüz, yağış-palçıq, isti-soyuq demədən xəstələri ziyarət etmək, onları müalicə etmək, vəziyyətlərini təqib etmək ancaq bu məsləyin çiləsini çəkənlərin başa düşəcəyi bir işgəncədir”.

1973-cü ildə müayinəxanasını İsveçrəyə köçürən Demiral bu ölkədə yaşayıb, 2013-cü ildə 90 yaşında vəfat edib. İsveçrədə də dəfn olunub.

Budak Demiralın həyatında ən maraqlı anlardan biri də 1969-cu ildə Bakıya səfər etməsidir. Onun Bakı xatirələrini növbəti yazımızda təqdim edəcəyik.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər