19 Fevral 23:57
13 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Qərbdən gözləntisi özünü doğrultmadı, beynəlxalq təzyiq kampaniyası fiaskoyla bitdi.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Ermənistanın Azərbaycana qarşı Qərbdə başlatdığı siyasi təzyiq kampaniyası Münxen Təhlükəsizlik Konfransında fiaskoya uğradı. Nikol Paşinyan konfransdan əvvəl həvəslə çalışırdı ki, Azərbaycan nümayəndə heyəti Qərb siyasiləri tərəfdən boykot edilsin. Ermənistanın şərti sərhəddə həyata keçirdiyi təxribat da bunun üçün hazırlanmışdı. Həm təxribatın, həm də Münxenlə bağlı planlarının nəticəsi Ermənistan üçün ağır oldu. Prezident İlham Əliyevin gedişləri Ermənistan baş nazirini pat vəziyyətinə saldı.

Münxendə siyasi liderlər və rəsmilər Azərbaycan prezidenti ilə görüşmək üçün növbəyə düzülmüşdülər. Bu, Qərbdə Azərbaycana marağın nə qədər böyük olduğunu göstərdi. Qərb Ermənistana görə öz maraqlarından güzəştə getməyəcək, Azərbaycanla əməkdaşlıq onun üçün vacibdir. Bu, Münxendəki son üçtərəfli görüşdə görünməyən Makron və Fransaya da aiddir. Paris də dayanacaq, başqa yolu yoxdur. Cənubi Qafqazda məsələlər Ermənistanla həll olunmur, bunu Makron da anlayır”, - ekspert bildirib.

Məhəmməd Əsədullazadə xatırladıb ki, Almaniya Kansleri Olaf Şolzun vasitəçiliyi ilə liderlər arasında keçirilən görüş də şifahi razılaşmalarla bitib:

“Bir sözlə, Ermənistanın Qərbdən gözləntisi özünü doğrultmadı. Şolz İlham Əliyevi Münxenə dəvət edəndə Ermənistan həm öz, həm də Azərbaycanın yerini gördü. Artıq İrəvan anlayır ki, beynəlxalq təzyiqlərlə Azərbaycanı yolundan döndərmək mümkün deyil. Heç belə bir təzyiq də olmadı, baş verənlər sadəcə Ermənistanın yaratdığı illüziya idi. Olsa belə, nəticəsi olmayacaq, bunu hər kəs bilir – Qərb də, Ermənistan da”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər