Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistan Baş Naziri Nikol Paşinyan deyib ki, Kollektiv təhlükəsizlik sazişi Ermənistana münasibətdə, xüsusən 2021-2022-ci illərdə yerinə yetirilmədi. Bu, diqqətimizdən kənarda qala bilməz. Bu sazişdə iştirakımızı dondururuq. Bunun mümkün nəticələri necə olacaq?
- Paşinyanın 2021-2023-cü illərdə guya KTMT-nin öz öhdəliklərini yerinə yetirmədiyi barədə fikirləri absurddur. Bunlar sadəcə olaraq bəhanələrdir. Ermənistan hesab edirdi ki, Azərbaycanla dəqiqləşməmiş sərhədlərdə, o cümlədən Qarabağ ərazisində saxladığı terrorçu qruplaşmaların bölgədən çıxarılması məsələsində Rusiya, KTMT Ermənistanın yanında yer almalı idi və Azərbaycanda savaşmalı idi. Əlbəttə, bu, mümkün olan bir hal deyildi. 2021-ci ilin 12 mayında Azərbaycan ordusu Laçın, Kəlbəcər istiqamətində, bizim şərti dövlət sərhədlərinə çıxanda Ermənistan o zaman da hay-küy qaldırmışdı. KTMT və Rusiya tərəfindən verilən açıqlama ondan ibarət oldu ki, Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşmədiyi üçün onlar bu prosesə müdaxilə edə bilməzlər. Sadəcə olaraq, onlar bölgəyə müşahidə missiyası göndərə bilərlər ki, bunu da Ermənistan qəbul etmədi. Ermənistanın niyyəti hər zaman Rusiya və KTMT-ni Azərbaycanla savaşa sövq etmək olub. 2020-ci il 44 günlük Vətən Müharibəsində və ondan sonrakı dövrdə də bunu gördük. Bu baxımdan Paşinyanın gedib Fransada bu cür danışması təəccüblü görünmür. Bu, onların apardığı siyasət idi ki, buna da nail ola bilmədilər. Rusiya və digər blok üzvləri bu məsələdə daha korrekt və rasional davrandılar. Digər tərəfdən Paşinyanın danışdığı yalanlardan biri ondan ibarətdir ki, onlar guya burada fəaliyyətlərini dondurublar, amma Ermənistan KTMT-dən çıxması ilə bağlı hansısa qərar və yaxud bəyanatla çıxış etməyib.
- Moskvanın İrəvana cavabı necə olacaq?
- Rusiya və Ermənistan arasındakı münasibətlər maraqlı tərzdə davam etməkdədir. Xüsusilə də Ukrayna müharibəsi başlayandan sonra. Rusiya təbii ki, bir tərəfdən Ermənistanın bu cür davranışlarından xoşlanmır. Bunu bu və ya digər formada rəsmi şəxslərlə dilə gətirir. Söhbət Zaxarova, Qaluzin, Peskov, Lavrov və digərlərinin dili ilə Ermənistana tənqidlər səslənir. Amma digər tərəfdən də Ermənistan Rusiyanın ikili təyinata malik olan hərbi təyinatlı məmulatlarla təchizatında önəmli rol oynayan ölkədir. Yəni Rusiyanın sanksiyadan yayınmasında aktiv iştirak edən ölkədir. Bu baxımdan Rusiya məsələlərdə hələlik kifayət qədər təmkin göstərir. Rusiyanın maraqlarını təhdid edəcək səviyyəyə gəlmədiyi üçün səbrli davranır. Bir neçə gün öncə Ermənistan tərəfi Zəngilanda törətdiyi təxribatlarla bağlı verdiyi açıqlamada qeyd edir ki, Zəngilanla sərhəddə guya Rusiya hərbçiləri Avropa müşahidə missiyasını buraxmayıblar. Əslində bu, həqiqətə uyğun deyil. Həmin bölgədə dəqiq deyə bilərəm ki, Rusiya hərbçiləri yoxdur. Bəli, Rusiya hərbçiləri 2020-ci ildən sonrakı dövrdə Ermənistanın xahişi ilə Qafanda hərbi hissə qurublar ki, bunlar daha çox Mehri ərazisində, Zəngəzur dəhlizi boyunca İranla sərhəddə dayanırlar. Ermənistanla hələlik hansısa bir razılaşması yoxdur ki, Azərbaycanla sərhəddə dayansınlar. Bu baxımdan əgər Rusiya hərbçiləri Avropa missiyasını ora buraxmırsa, həmin zonada Ermənistanın hökmü keçmirsə, o deməkdir ki, Ermənistan müstəqil dövlət deyil, bunlar da bəhanələrdir. Rusiya hələlik proseslərin onun maraqlarını təhdid edəcək səviyyəyə gəlmədiyi üçün təmkin nümayiş etdirir.
- Paşinyan Azərbaycanın ünvanına təxribatçı ittihamlar səsləndirib. Bildirib ki, son hadisələri də əlavə etsək, sülhün hələlik qeyri-mümkün olduğu bəlli olur. Paşinyan özü sülhdən yayınır, bəs məqsədi nədir?
- Hər zaman demişik ki, Ermənistan sülh istəmir. Xüsusilə də Paşinyanın davranışına diqqət etdikdə başqa platformalarda, Azərbaycan Prezidenti ilə görüşdə başqa fikirlər səslənir, Fransaya gedərkən tamamilə əksini görürük. Fransa bu proseslərdə mənfi rol oynayır. Ermənistanı şirnikləşdirmək, təhrik etməklə prosesləri uzatmağa çalışır, münaqişəni alovlandırmaq istəyir. Paşinyanın son səfəri də məhz buna hesablanmışdı. Makronun qəbuledilməz açıqlamaları, Azərbaycanı ittiham etməsi, Fransa müdafiə nazirinin Ermənistana böyük heyətlə səfər etməsi, xüsusilə də hərbi sənaye kompleksinin nümayəndələrini gətirməsi onu göstərir ki, Fransa bölgədə yenidən münaqişəni alovlandırmada maraqlıdır. Ermənistanı məhz buna görə silahlandırır və məhz bu gərginlik üzərindən bölgəyə yerləşmək istəyir. Amma nəzərə alınmalıdır ki, artıq XIX-XX əsrlər deyil. Fransa istədiyi kimi bölgəyə yerləşə bilməz. Xüsusilə də Fransa o iddiadadır ki, Cənubi Qafqaza yerləşməklə orada bütün nəqliyyat, logistika xətlərinə nəzarət edəcək. Burada yerləşməklə bölgənin geostrateji imkanlarından həm siyasi, həm də iqtisadi cəhətdən faydalanacaq, o cümlədən Zəngəzur dəhlizini də nəzarətə götürəcək. Amma bu planları həyata keçməyəcək. Çünki Azərbaycan daxil bölgənin digər üç əsas ölkəsi buna imkan verməyəcək. Fransa Ermənistan üzərində yerləşməklə əbədi rəqibi olan Türkiyəni Yunanıstan və Ermənistan üzərindən, “mühasirəyə” almağa çalışır. Amma Paşinyanın bu davranışları odla oynamaq kimi dəyərləndirilməlidir. Məhz bu siyasət davam edəcəksə, hesab edirəm ki, artıq Ermənistana hansısa məqamda növbəti dəfə bu məsələlərlə bağlı sərt cavab veriləcək.