30 Mart 09:17
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 5-i Brüsseldə ABŞ-Avropa İttifaqı və Ermənistanın iştirakı ilə konfransın keçirilməsi anti-Rusiya yığıncağıdır. Hazırda Cənubi Qafqazda da bəzi qüvvələr açıq şəkildə Rusiya cəbhəsi yaratmaq istəyirlər. Bu səylər də göz önündədir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Ermənistan bu planların tərkib hissəsidir:

“Ermənistan hakimiyyəti düşünür ki, onlar bu siyasətdə nəyisə həll edə və yaxud da ki, böyük güclərin əli ilə siyasət apara bilərlər. Reallıqda isə bu, belə deyil, əksinə olaraq, həmişə olduğu kimi böyük güclər kiçik ölkələrdən istifadə edərək, maraqlarına çatmaq istəyirlər. Bu oyun bizim üçün müəyyən dərəcədə təhlükəlidir. Çünki qlobal gərginlik regiona gətirilib. Regionda iştirakçıların əli ilə siyasi güclər dava aparır, öz nüfuzlarını artırmaq istəyirlər. Bu cür oyunlar niyə təhlükəlidir, çünki tarix göstərir ki, bu oyunlarda yalnız böyük oyunçuların maraqları əsasdır.

Şükürlər olsun ki, vaxtında ərazilərimizi qaytardıq. Təhlükələrdən müəyyən dərəcədə özümüzü xilas etdik. Amma təəssüflər olsun ki, hələ də elə qüvvələr var ki, bu münaqişəni alovlandırmaq istəyirlər. Ermənistan onlar üçün bir vasitədir”.

Politoloq qeyd edib ki, Nikol Paşinyan fəsadlı siyasət aparır:

“Bir tərəfdən deyir ki, separatçılarla müəyyən mübarizə aparmaq lazımdır. Çünki onlar doğrudan Ermənistan üçün təhlükə törədir. Belə qurumun olması Azərbaycanı rahat qoya bilməz. Digər tərəfdən bu separatçı qurumlar fəaliyyət göstərir və Samvel Şahramanyanla bağlı hansısa tədbirlər görülmür. Ermənistan tərəfi qəti şəkildə mövqeyini ortalığa qoymur. Simonyan demişdi ki, sülh müqaviləsini imzalaya bilərik. Niyə imzalanmır, şərtlər bəllidir... Bu da ondan xəbər verir ki, Paşinyan hakimiyyəti çox tərəfli oyunlar oynamaq istəyir”.


Müəllif: Əsəd Məmmədəliyev