Qərb Rusiya-Ukrayna müharibəsindən istifadə edərək Kremlin siyasi maraqları olan digər bölgələrdə nəzarəti ələ keçirmək istəyir. Bunun üçün isə müəyyən zəminə, gedişlərə ehtiyacı var.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda ən zəif bənd Ermənistandır:
“Ermənistan vasitəsilə Qərb fundamental şəkildə Cənubi Qafqaza sirayət etmək istəyir. Amma burada ciddi problemlər var. Çünki Rusiya hər hansı döyüş olmadan nəzarətində olan ölkəni Qərbə təhvil vermək istəmir. Rusiya bunu dəfələrlə bəyan edib. Ermənistana da bu xüsusda xəbərdarlıq verib. Ermənistanın bütün sahələr üzrə təhlükəsizliyini təmin etməyə ehtiyac var. Söhbət təkcə hərbi təhlükəsizlikdən getmir. Hansı ki, belə bir təhlükə Rusiya tərəfindən mövcuddur. Eyni zamanda, Qərbin Ermənistan rəhbərliyindən də müəyyən tələbləri var. Əgər İrəvan Qərbə inteqrasiya xəttini tutursa, onda Ermənistana iki kresloda oturmaq imkanı verilməyəcək. Bu kontekstdə Rusiyanın nəzarətində olan bütün ittifaqlardan Ermənistanın rəsmi olaraq çıxmasına ehtiyac var. İlk növbədə KTMT-dən və gələcək perspektivdə Avrasiya İqtisadi Birliyi və eyni zamanda Rusiyanın Ermənistanda yerləşdiyi hərbi qüvvələrinin İrəvandan çıxarılması prosesi tələb olunur. Bunlar o qədər də sıradan və asan məsələlər deyil.
Ayrıca bunları etməsə, Ermənistanın Qərb və Avropa Birliyinə inteqrasiyası ciddi mənada gerçəkləşməyəcək. Buna görə də Ermənistan öz seçimini etməlidir. Ermənistan da seçimini rəsmi olaraq etməmişdən öncə bu təminatları almaq istəyir. Çünki Ermənistanın ən azı gözü çıxmış qardaşlarından aldığı bir dərs var. Söhbət Ukrayna və Gürcüstandan gedir. 2008-ci ildə Gürcüstan iki bölgəsini - Abxaziya və Osetiyanın bir hissəsini tamamilə itirdi. Eyni işğal siyasəti ilə Ukraynaya da üzləşdi. Çünki Qərbə və NATO- ya inteqrasiya siyasətinə üstünlük verdikləri üçün Rusiya tərəfindən cəzalandırıldılar. Ermənistan bunu bilir, buna görə də məsələyə daha fundamental və hiyləgər olaraq yanaşır. 5 aprel Brüsseldə baş tutacaq görüşün əsas qayəsi də bütün sahələr üzrə təhlükəsizlik təminatı almaqdan ibarətdir. Münasibətlər sistemini hara qədər mümkünsə, ora qədər də dərinləşdirməkdən söhbət gedir. Çünki KTMT-dən rəsmi olaraq çıxmaqla bağlı müraciət etdiyi anda Rusiya Avrasiya İqtisadi Birliyinin Ermənistana verdiyi bütün imtiyazları ləğv edəcək. Öz bazarını tamamilə Ermənistanın kənd təsərrüfatı və digər sənaye məhsullarına bağlayacaq. Belə olduğu təqdirdə Ermənistan üçün yeni bazarlara ehtiyac olacaq.
Yeni bazarlar Avropa və Qərb dünyasında hələlik problematikdir. Çünki Ermənistan məhsulları Avropa standartlarına uyğun olmayan istehsal məhsullarıdır. Bu məhsulların o standarta uyğunlaşdırılması və paralel olaraq o vaxta qədər bu məhsulların satış bazarları məsələsi həll olunmalıdır. Bununla bağlı Avropa Birliyində ciddi problemlər var. Hətta Ukraynanın məhsullarının Avropa bazarlarında satılmasına ciddi mənada üsyan edirlər. Polşada sərhədlərin bağlanma səbəblərinin bir nömrəli əsas səbəbi budur. Düşünürəm ki, bütün bu problemlər Brüsseldə, Amerika, Avropa Birliyi, Ermənistan səviyyəsində müzakirə olunacaq. Bu məsələnin içərisində hərbi təhlükəsizlik məsələsi var. Ermənistanın silahlandırılması, orduda ciddi islahatların aparılması, birgə təlimlərlə zabit heyətlərinin peşəkarlaşdırılması kimi bir çox məsələlər var. Bu məsələlər də ciddi müzakirə olunacaq".
Politoloq qeyd edib ki, belə bir fikir var ki, guya təhlükəsizlik sazişi imzalanacaq:
“Belə bir sazişin imzalanmasını gözləmirəm. Nəinki Qərb, heç Ermənistan da buna hazır deyil. Ukrayna ilə Böyük Britaniya, Almaniya və Fransa arasında imzalanan təhlükəsizlik sazişinin 5 apreldə eynən ABŞ və Avropa Birliyi səviyyəsində imzalanacağını gözləmirəm. Ancaq təhlükəsizlik təminatı məsələsinin daha da sistemli olaraq dərinləşdirilməsi və konkret strateji qərarlara yol açacaq addımların atılmasının razılaşdırılması prosesi başlaya bilər. Dolayısı ilə Ermənistan Qərb münasibətlərində, yeni bir dönüş məsələsi ola bilər. Yəni geriyə qayıdışı yenidən Rusiyanın orbitinə dönüşünü bağlaya bilər. Rusiyanın əsas narahatçılığı da məhz buna görədir”.
Natiq Miri bildirib ki, Ermənistanın təxribat törətmək ehtimalı hər zaman var:
“Ermənistan tərəfindən təxribatların törədilməsi potensialı çox güclüdür. Çünki Ermənistan ordusu Rusiyanın əks hərbi kəşfiyyatı ilə əməkdaşlıqda olan zabitlərdən tamamilə təmizlənməyib. Ermənistan ordusuna təsir edə biləcək həm xarici, həm daxili ünsürlər də mövcuddur. “Qarabağ klanı”na xidmət edən zabitlər var. Fransa və ABŞ-nin təsir imkanları altında olan hərbçilər mövcuddur. Eyni zamanda radikal güclərin, xüsusilə də terrorçu ünsürlərin əməkdaşlıq etdiyi qüvvələr mövcuddur. Yəni son dönəmdə Azərbaycan əsgərinin yaralanması hadisəsi kontekstində terror təşkilatı “Yerkrapa”nın davranışlarını gördük. Bu cür təxribatlar həyata keçirildiyi təqdirdə, əsas məqsəd ondan ibarət olacaq ki, Azərbaycanı növbəti hərbi əməliyyatlara təhrik etməklə, yeni ərazilərin itirilməsi şəraiti yaradılsın. Yeni ərazilər itirildiyi təqdirdə, müxalif revanşist qüvvələr, o cümlədən başda Rusiya olmaqla bunu Paşinyan hökumətinin əleyhinə ictimai rəydən istifadə etməyə çalışacaqlar. Çünki buna hazırlıqlar gedir. Bu, indiki vəziyyətdə Paşinyan hökumətini daha ağır vəziyyətə gətirib çıxara bilər.
Əgər bu sərhədlərə qoşun yığılması həqiqətən ciddidirsə və hökumətin qərarıdırsa, düşünürəm ki, 5 aprel görüşü öncəsi sərhədlərin nisbətən möhkəmləndirilməsi görüntüsü yaratmaqdan ibarətdir ki, bu da guya Azərbaycan üçün müəyyən mənada çəkindirici məqam xarakteri daşıya bilər. Bundan ötəsi deyil. Düşünmürəm ki, 5 aprelə qədər Azərbaycan hansısa hərbi əməliyyatlar keçirməyə hazır olsun. Çünki Azərbaycana bu tamamilə lazım deyil. Azərbaycan danışaraq, razılaşaraq sərhəddə olan dörd kəndi azad etmək istəyir. Əgər 5 apreldən sonra bu yöndə konkret razılaşma olmasa, Azərbaycan hiss edərsə ki, artıq Ermənistan havadarları bu ərazilərin Azərbaycana təhvil verilməsinə qarşı çıxıblar, o zaman Bakı üçün başqa seçim qalmayacaq. Bu 4 kəndi azad etmək Azərbaycan üçün o qədər böyük problem daşımır”.