3 Aprel 12:02
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə mümkün Ermənistan-Azərbaycan müharibəsinə müdaxilə etsə, Rusiya nüvə silahından istifadə edə bilər.

Teleqraf.com xəbər verir ki, bu təxribatçı fikri rusiyalı politoloq Mixail Aleksandrov Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində deyib.

“Paşinyan nəyin bahasına olur-olsun Qərbin planını, yəni Azərbaycanla sülhün bərqərar olmasını həyata keçirir. Qərbə elə sülh lazımdır ki, Azərbaycan ondan inciməsin, bunun üçün Ermənistan tərəfi bütün güzəştlərə getməlidir. Paşinyan bu planı həyata keçirir”, - ekspert bildirib.

Aleksandrovun iddiasına görə, sülh müqaviləsinin imzalanmasından sonra növbəti addım Rusiya hərbi bazasının Ermənistandan çıxarılması olacaq:

“Bundan sonra deyəcəklər ki, sülh müqaviləsini imzalamışıq, Rusiyanın hərbi mövcudluğuna ehtiyacımız yoxdur”.

Rusiyalı ekspert İrəvanın Zəngəzur dəhlizini də Azərbaycana təhvil vermək istədiyini söyləyib.

Aleksandrov Qərbin Ermənistandan İrana qarşı istifadə etdiyini də iddia edib: “Hələlik Qərb Ermənistandan İrana qarşı istifadə edə, kəşfiyyat mərkəzləri yarada, təxribat qrupları göndərə bilər, ola bilsin, belə bir planı var”.

Müsahibə ərzində Azərbaycanın ünvanına təxribatçı fikirlər səsləndirən Aleksandrov hədyanında bir az da irəli gedərək Rusiyanın Azərbaycan və Türkiyəyə qarşı nüvə silahından istifadə edə biləcəyini vurğulayıb.

Politoloq müharibə vəziyyətində Rusiyanın Ermənistanı müdafiə edə biləcəyini də hədsiz iddialarına əlavə edib:

“Hərbi bazamız Ermənistandadır, Ermənistanın özünün də ordusu var. Bu durumda Rusiya bazası Ermənistan silahlı qüvvələrinə qoşulsa, Azərbaycan çətin ki, uğur qazansın. Türkiyəyə Azərbaycan dəstək verə bilər, amma Rusiya nüvə fövqəldövlətidir. Türkiyə Ermənistana girsə, nüvə silahından istifadə edə bilərik, buna ən azı eyham vurmaq lazımdır”.

Aleksandrov Moskvanı revanşistləri, hərbi cinayətkarları - Robert Köçəryan və Serj Sərkisyanın rəhbərlik etdiyi “Qarabağ klanı”nı dəstəkləməyə çağırıb.

Politoloq terrorçuları “sağlam qüvvə” adlandırıb: “Ermənistanın sağlam qüvvələrini dəstəkləməliyik, Paşinyanın Rusiyanı satqın elan etməsinə imkan verə bilmərik”.

Mixail Aleksandrov ötən ilin yanvarında Azərbaycana qarşı təxribatçı fikirlərinə görə işlədiyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan (MDBMİ) qovulub. Ermənipərəst ekspert Rusiyanı Bakını bombalamağa çağırmışdı. Bundan sonra Azərbaycan Baş Prokurorluğu cinayət işi açaraq, Aleksandrov barəsində beynəlxalq axtarış elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər