Separatçı, Xocalı cəlladı Vitali Balasanyan Ermənistana gedərkən Azərbaycanın sərhəd postundan keçməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “24News” kanalı məlumat yayıb.
Mənbə iddia edir ki, hərbi cinayətkar Ermənistana Azərbaycan ordusunun ötən ilin sentyabrında (19-20) bir günlük antiterror tədbirlərindən sonra gedib.
“Balasanyan sentyabrın 28-də Xankəndini tərk edərək Həkəri körpüsünə gəlmək istəyib. Amma Xankəndini tərk edəndə ona Azərbaycan postunda artıq onun hərəkətindən xəbərdar olduqları bildirilib. Bu səbəbdən Balasanyan maşından düşərək alternativ yollarla Ermənistana çatmağa məcbur olub. Nəticədə Ermənistana yalnız oktyabrın ilk ongünlüyündə çatıb”, - məlumatda deyilir.
“Alternativ yol” dedikə nəyin nəzərdə tutulduğu söylənilməsə də, onun bir yolunu taparaq qorxaqcasına qaçdığı bəllidir. Əks halda bu cinayətkarın əl-qolunu sallaya-sallaya postumuzdan keçməsinə icazə verilməzdi. Necə ki, özü kimi digər cinayətkarın keçidinə icazə verilməmişdi.
Balasanyan 1990-cı illərdə Azərbaycana qarşı işğalçı müharibə və bu zaman törədilən hərbi cinayətlərin iştirakçılarından biridir. Xocalı soyqırımında iştirak və azərbaycanlı əsirlərə işgəncələrin verilməsi də terrorçunun qanlı dosyesinə daxildir.