Azərbaycan Rusiyanın yaxşı qonşu və etibarlı müttəfiqidir.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.
Ekspert bildirib ki, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 32 il ötür:
“Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaş, yaxşı qonşu və etibarlı müttəfiqidir. İki ölkə arasında münasibətlər bərabərlik və mehriban qonşuluq prinsipləri, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Dövlətlər arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqaz və Xəzər regionunda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir.
Əməkdaşlığın əsasını 200-dən çox dövlət, hökumət, qurum və regionlararası müqavilə və sazişlər təşkil edir. 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Rusiya ilə Azərbaycan arasında “Müttəfiq əməkdaşlıq haqqında” Bəyannamə ikitərəfli münasibətləri yeni keyfiyyət müstəvisinə çıxarıb. Siyasi dialoq ən yüksək, xarici işlər orqanları vasitəsilə, əsas qurumların rəhbərləri, eləcə də parlament səviyyəsində fəal inkişaf edir”.
Korotçenko vurğulayıb ki, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq da uğurla inkişaf edir:
“2023-cü ildə ikitərəfli ticarət dövriyyəsi 17.5 faiz artıb. Rusiya Azərbaycanın aparıcı ticarət-iqtisadi tərəfdaşlarından biri olaraq qalır. Azərbaycan ərazisində Rusiyanın iştirakı ilə müxtəlif investisiya layihələri həyata keçirilir. Biznes icmaları arasında əlaqələr, o cümlədən kiçik və orta biznes vasitəsilə genişlənir. İkitərəfli əməkdaşlığın mühüm elementi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır.
Regionlararası əlaqələr ikitərəfli münasibətlərin prioritet tərkib hissəsidir. Bu sırada Moskva, Sankt-Peterburq, Həştərxan, Dağıstan və Tatarıstan xüsusilə fəaldır. Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqliyin gələcək inkişafında qarşılıqlı maraq qeyd olunur”.