12 Aprel 18:01
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Avropa Birliyinə (AB) inteqrasiyası Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra effektli ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu gürcü politoloq Gela Vaşadze Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində deyib.

Ekspert hesab edir ki, Ermənistanın AB ilə yaxınlaşması və Rusiyadan uzaqlaşması iqtisadi baxımdan müəyyən gözlənti yaratsa da, bəzi riskləri də ehtiva edir:

“Xüsusilə, bu, regionda qüvvələr balansının dəyişməsi və ənənəvi müttəfiqlərlə (İran və Rusiya ilə) münasibətlərdə mümkün gərginliyə səbəb ola bilər”.

Vaşadze Brüsseldə keçirilən AB-ABŞ-Ermənistan görüşünə və orada İrəvana verilən vədlərə də toxunub:

“AB-nin Ermənistana maliyyə dəstəyi verməsini münasibətlərin dərinləşdirilməsi və islahatların dəstəklənməsi istiqamətində atılan addım kimi qiymətləndirmək olar. Amma belə addımları həm də siyasi alverin başlanğıcı kimi qiymətləndirmək mümkündür”.

Politoloq Ermənistanın bu çərçivədə Rusiyadan uzaqlaşmağa çalışdığını da vurğulayıb.

Brüssel görüşünə Azərbaycan və Rusiyanın təpkilərinə gəlincə, Vaşadze burada Ermənistanın ölkəmizə qarşı ərazi iddialarına da diqqət çəkib:

“Moskvadakı etirazlar Amerikanın regionda təsirinin artması qorxusunu əks etdirir. Bakıya gəlincə, ABŞ-nin gələcəkdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına dəstək verə biləcəyi narahatlığı var".

Gürcü politoloq hesab edir ki, bölgədə durumu yalnız sülh müqaviləsinin imzalanması dəyişəcək:

“Hələlik Ermənistan yalnız Bakı və Ankara ilə ağ-qara formatda mövcuddur və sülh müqaviləsi imzalanandan sonra bu vəziyyət dəyişə bilər. Amma buna nail olmaq lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər