Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdə Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin edilməsi ilə bağlı vəziyyəti də müzakirə etdik.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti ilə birgə bəyanatı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır:
“Həmkarıma Azərbaycanla danışıqlardakı son gəlişmələri təqdim etdim, Ermənistan hökumətinin Ermənistan və Azərbaycan arasında artıq razılaşdırılmış üç prinsip əsasında regionda sabit və davamlı sülhün bərqərar olmasına hazır olduğunu bir daha təsdiqlədim. Bunlar 1991-ci il dekabrın 21-də Qazaxıstanın Almatı şəhərində qəbul edilmiş bəyannamənin prinsipləri əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin həyata keçirilməsi, o cümlədən regional kommunikasiyaların (nəqliyyat dəhlizləri) dövlətlərin suverenliyi və yurisdiksiyasına hörmət, qarşılıqlılıq və bərabərlik əsasında blokadadan çıxarılması ilə bağlıdır.
Sonuncu kontekstdə Ermənistan hökumətinin təqdim etdiyi, həyata keçirilməsi regionda vəziyyəti kökündən dəyişə biləcək “Sülh qovşağı” layihəsinə istinad etdik.
Əlavə etmək istərdim ki, dövlətlərin suverenliyi və müstəqilliyi ilə bağlı oxşar mövqeyimiz, o cümlədən regional infrastrukturlar və nəqliyyat kanallarının şaxələndirilməsində qarşılıqlı marağımız yuxarıda qeyd olunan istiqamətdə birgə işlərin fəallaşması üçün münbit zəmin yaradır”.