27 İyun 17:26
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Akif İslamzadə qadınlarla bağlı səsləndirdiyi açıqlamaya görə tənqid olunub. Onun “Yeni Sabah”a verdiyi müsahibədə “qadınlara elm verilməyib, onlar elm öyrədə bilməz” fikirləri sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Akif İslamzadə hesab edir ki, cəmiyyətdəki bütün problemlərin kökündə matriarxatlıq dayanır: “Məktəbləri də buna nümunə göstərmək olar. Orada da əksəriyyət qadın müəllimlərdir. Qadınların məktəblərdə, digər sahələrdə, cəmiyyətdə üstünlük təşkil etməsi əksər problemlərin kökündə dayanan səbəblərdəndir. Bu da son zamanların əlamətləridir. Müəllimələr də Allah tərəfindən göndərilib. Onlar ən yaxşı halda məlumat verə bilərlər, elm yox. Allah qadını belə yaradıb. Ona elm verilməyib”.

Məsələ ilə bağlı teleaparıcı İradə İsaq Teleqraf.com-a açıqlamasında deyib:

“Bu fikirlərdən belə çıxır ki, Allah qadını mükəmməl yaratmayıb. Onda nöqsan yaradıb ki, o, nəyisə ötürə bilmir. Bu sözlərlə Allahın mükəmməl qurucu olduğunu danır. Əgər Allahın mükəmməl yaradılışa qadir olduğuna inansaydı, o sözü deməzdi. Çünki Allah qadını kişidən mükəmməl yaradıb, ona insan dünyaya gətirmək qabiliyyəti verib. Ona dünyaya gətirdiyi insanı qorumaq, tərbiyə etmək qabiliyyətləri verib. Öyrətmək üçün ağıl, savad, bilik lazımdır. Onda gərək bütün məktəbləri bağlayalar ki, qadınlar dərs keçməsin. Bəs bu qədər alimləri kim yetişdirib?”

İradə İsak hesab edir ki, bu istiqamətdəki müzakirələr doğru deyil:

“Belə müzakirələr çiy məsələlərdir. Qadın və kişidən hansının üstün olduğunu üz-üzə qoyan heç kim qalib çıxmayacaq. Qadın və kişi Allahın qərarı ilə yaradılmış iki bəşər məxluqudurlar. Necə şirlə pələngi üzü-üzə qoyub müqayisə edə bilməriksə, elə də qadın və kişini... Allahın yaratdığı məxluqat arasında bəndə kimdir ki, fərq qoysun? Allahın özü fərq qoymayıbsa, insan necə qoya bilər?”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da öz düşüncələrini bölüşüb:

“Mən Akif bəyin fikirlərini oxudum, bu, onun şəxsi düşüncələridir, mənsə yanlış olduğunu düşünürəm. Böyüklər qadına boş yerə "cənnət ayaqlarının altındadır" deməyiblər. Sadəcə olaraq mən bu fikirlərin üstünə bu qədər getməyin tərəfdarı deyiləm. Bəlkə də Azərbaycanda 30 faiz kişinin fikri belədir. Bu o demək deyil ki, qadınlar kənarda qalmalıdırlar. Qadınlar da bu fikirlərə görə heyfslənməməlidirlər. Əksinə güc toplayıb özlərini göstərməlidirlər”.

N.Cəfəroğlu Akif İslamzadənin məktəblərdə kişi müəllimlərin azlığı barədə fikirləri ilə razılaşdığını söyləyib:

“Məktəblərdə doğrudan da kişi müəllimlərinin olmaması çox təəssüfedicidir. Mən istəyərdim ki, müəllimlərin məvacibləri artırılsın. Kəndlərdə, rayonlarda oğlanları məktəblərə cəlb etmək lazımdır. Güclü, ağıllı qadınlarımız var. Onlar da bu sözlərə fikir verməsinlər. Əksinə bundan sonra daha da güclənsinlər. Cavab vermək qadının gücsüzlüyüdür. Heç bir qadın ona cavab verməməli idi. Mən belə fikirləşirəm. Bu onun fikridir, qoy elə də qalsın. Qadına güclü deyirik, çünki qadının dözdüklərinə kişi dözə bilmir. Qadın oğul basdırır dözür, ər basdırır dözür, 4 uşağı təkbaşna böyüdüb dözür. Baxın görün hansı kişinin qadını öləndən sonra bunu edir? Hansı kişi 9 ay qarnında uşaq saxlaya bilər? Qadına verilən nemət kişilərə verilməyib. Ona görə də paxıllıqlarından deyirlər. Amma qadına insan dünyaya gətirməyi verib. Bundan böyük nə nemət ola bilər? Bunu başa düşsünlər. Ancaq çox da aqressiv yanaşmamalıyıq. Bu, onun fikridir. Bir az demokratik olaq, qoyun o da elə fikirləşsin. Biz öz gücümüzü göstərməliyik".


Müəllif: Şəbnəm Zahir