Ermənistanın hökuməti uğursuz “Sülh qovşağı” layihəsini (nəqliyyat dəhlizləri ilə bağlı) gündəmdə saxlamaqda davam edir. Ötən il təklif edilən proje bir santimetr belə irəliləməsə də, Baş nazir Nikol Paşinyan və komandası ondan bərk yapışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşrin iddiasına görə, Paşinyan Qərb tərəfindən hazırlanmış layihəyə hakimiyyətini saxlamaq üçün vasitə və qarant kimi baxır:
“Bu layihə Ermənistana yalnız geosiyasi təcrid gətirəcək.
Paşinyan bir neçə gün əvvəl ABŞ Konqresinin nümayəndə heyəti ilə bu projeni müzakirə edib.
Ermənistan layihəni 2023-cü ilin oktyabrında təqdim edib. Plana görə. “Sülh qovşağı” Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan və İran arasında həyata keçirilməli, beynəlxalq tərəfdaşlar da cəlb edilməli, bununla da regionda əməkdaşlıq bərpa olunmalı və xalqlar arasında qarşılıqlı anlaşmanı təşviq edilməlidir.
Qərb ilkin olaraq bunu ruh yüksəkliyi ilə təqdim etsə də, gələcəyinin olmayacağı anlaşıldığı üçün biganəliklə əvəz olunub.
Layihə yeni infrastrukturların yaradılması və mövcud olanların təkmilləşdirilməsini nəzərdə tutur. Ermənistan bu çərçivədə Azərbaycanla sərhəddə 5, Türkiyə ilə sərhəddə isə 2 nəzarət-buraxılış məntəqəsi yaratmağa hazır olduğunu açıqlayıb”.
“Past” iddia edir ki, Qərbin “Sülh qovşağı” layihəsinə bütün qonşu ölkələr, xüsusən də İran qarşı çıxır.
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın fikrincə, İrəvan regional xətləri blokadadan çıxarmaq istiqamətində ardıcıl iş aparmaq əvəzinə, heç bir iqtisadi əsası olmayan layihələr təklif edir.
“Sülh qovşağı” Qərbdə uydurulmuş ifadədir. Qərb isə Azərbaycanın Rusiyadan yan keçərək Avropa Birliyinə enerji resurslarının tədarükünü ikiqat artıracağını gözləyir”, - Karapetyan vurğulayıb.