Amerikanın hazırkı prezidenti Co Baydenin seçkilərdə iştirak etməyəcəyi ilə bağlı qərar birdən-birə verilmədi. Çünki uzun müddətdən bəri Bayden üzərində Demokrat partiyasının aparıcı simaları tərəfindən ciddi təzyiqlər var idi. Ondan tələb olunurdu ki, seçki yarışından çəkilsin.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, Baydenin istefa verməsindən sonra ABŞ seçkilərində hər şey yenidən başlayır:
“İndiyə qədər Tramp Baydenlə müqayisədə daha çox güclü və prinsipli görünürdü. Trampın əsas hədəfində Baydenin dörd illik siyasəti ilə bərabər onun sağlıq vəziyyətinin ölkəni idarə etməyə imkan vermədiyi ilə bağlı fikirlər idi. Məhz bu günə qədər aparılan kampaniya və seçki taktikası Tramp tərəfindən bundan sonra dəyişdirilmək zorundadır. Çünki Trampın komandası artıq yeni namizəd Kamala Harris ilə mübarizə aparmağa başlayacaq. Nəzərə alaq ki, bu şəxs 4 il vitse-prezident işləyib və qaradərilidir, eyni zamanda qadındır. Düşünürəm ki, bu baxımdan Tramp üçün bu proses heç də asan olmayacaq. Çünki Amerikada qara irqə mənsub olan şəxslər son dövrlər siyasətdə önəmli yer tuturlar. Xüsusilə də ABŞ seçkilərinin əhəmiyyətli hissəsini təşkil edən afroasiyalılar məhz bu tipli insanlara səs verirlər. Son illərə baxdıqda ABŞ dövlət idarəçiliyində Afrika və Asiya kökəni insanların əhəmiyyətli rol aldığını görürük".
Oqtay Qasımov hesab edir ki, Kamala Harrislə mübarizə Tramp üçün çətinlik yaradacaq: "Bundan sonrakı dönəmdə Baydenin seçki kampaniyasını maliyyələşdirməkdən geri çəkilən şəxslər faktiki olaraq onu boykot etmişdilər. Yenidən həmin qüvvələr hərəkətə keçəcək və ciddi şəkildə Trampa qarşı kampaniya başlayacaq”.
Politoloq bildirib ki, Tramp Baydenə istifadə etdiyi ritorika ilə Kamala Harrisə qarşı çıxış edəcəksə, bu, onun zərərinə olacaq:
“Kamala Harris prezident seçilərsə, Obama və Baydenin dönəmindəki parlaq siyasətinin davamını həyata keçirəcək, Cənubi Qafqaz siyasəti dəyişməyəcək. O cümlədən, ermənilərlə münasibətlərdə dəyişiklik olmayacaq. Tramp erməni diasporu ilə hansısa bir əlaqəsi olan siyasətçi deyil. Yəni onların təsirlərinə daha az məruz qalıb. Amma Kamala Harrisin Bayden administrasiyasının digər aparıcı üzvləri kimi erməni diasporu ilə çox yaxın münasibətləri var və onların təsiri altında olan siyasətçidir”.