Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfəri Rusiya tərəfindən xoş qarşılanmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşr qeyd edir ki, Makronun səfəri hələ xeyli əvvəl nəzərdə tutulsa da, qeyri-müəyyən səbəblərdən gecikmə baş verir:
“Fransa prezidentinin sentyabrın 21-də, “Müstəqillik Günü”ndə Ermənistana gələcəyi xəbəri yayılıb. Məlumata görə, hazırda onun səfərinin təfərrüatları müzakirə olunur. Səfərlə bağlı danışıqlar kifayət qədər uzun çəkdi, çünki Makron bu səfərlə həm regionda nüfuzunu artırmaq, həm də daha bir anti-Azərbaycan addımı atmaq istəyir. Hər halda, aydındır ki, Fransa prezidentinin səfərinə Moskvada müsbət tərəfdən baxılmayacaq”.
2021-ci il iyunun 1-də Ermənistan Baş naziri Nikol Paşinyan Parisə səfəri zamanı Fransa prezidentini ölkəsinə səfərə dəvət etmişdi. Görüşdə Paşinyan həmin ilin payızında Makronu İrəvanda gözlədiyini desə də, səfər baş tutmamışdı.