Yaxın vaxtlarda anklavların Azərbaycana qaytarılmasına dair Bakı və İrəvan arasında razılaşma imzalana bilər.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Zolyan deyib.
“Lavrovun 10 noyabr sənədinə istinad etməsi, məncə, Rusiyanın dəhlizə (Zəngəzur) başqa ölkənin nəzarətinin qurulmasının qarşısını almaq məqsədi daşıyır. Artıq bəzi ekspertlər dairəsi dəhlizə nəzarətə Hollandiya təşkilatının cəlb olunacağını müzakirə edir, bunun Ermənistan Respublikasının suverenliyinə xələl gətirməyəcəyi, holland gömrükçülərin rüşvət almayacaqları və sair deyilir. Rusiya da yumşaq şəkildə bizə xatırladır ki, bununla razı deyil. Dəhliz ilk növbədə Azərbaycana lazımdır. Rusiya da dəhlizin əleyhinə deyil, bütün məsələ nəzarətdən gedir”, - ekspert bildirib.
Zolyan Azərbaycanın Cənubi Qafqazda lider mövqeyində olduğunu etiraf edib:
“2020-ci ildən sonra Azərbaycan Cənubi Qafqazın mərkəzinə çevrilib, Rusiya da bu faktı nəzərə alır, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinə məhz bu səbəb olub. Çox təəssüf ki, Ermənistan artıq amil, tərəf kimi qəbul edilmir və Putinin Bakıda Ermənistanla bağlı müzakirələri mütləq Paşinyana deyəcəyinə dair sarkastik eyhamının səbəbi də budur. Bu, son dərəcə təhqiramizdir.
Açıqlamalarda artıq Ermənistanın bölgədə faktor olmadığına dair eyhamlar görürük. Putinin demədiyini Lavrov söylədi, Lavrovun demədiyini Zaxarova dilə gətirdi. Təsadüfi deyil ki, bunun ardınca Lukaşenkonun xoşagəlməz bəyanatı gəldi, onlar vəziyyətə uyğun olaraq, Ermənistana məhəl qoymadıqlarını söyləməyə çalışırlar”.
Ekspert qeyd edib ki, Azərbaycan ictimaiyyətə açıqladığı bütün məqsədlərə nail olub, Ermənistan isə heç bir ictimai vədlərini həyata keçirməyib: “İndi elan olunur ki, sülh sazişində yolların açılması ilə bağlı bənd yer almayacaq. Amma bütün bu bəyanatlar heç bir məna kəsb etmir, çünki Azərbaycan bəyan etdiyi bütün məqsədlərə çatacaq. Növbədə anklavlar məsələsidir, bundan sonra dəhlizdən danışacaqlar”.
Zolyanın iddiasına görə, yaxın vaxtlarda Bakı və İrəvan arasında sülh prosesi çərçivəsində sənəd imzalana bilər: “Yaxın vaxtlarda dəhlizin yer almadığı hansısa sənəd imzalanacaq, amma anklavlar məsələsi mütləq orada yer alacaq. Kərki və buradan keçən yollar Azərbaycanın nəzarətinə keçsə, Sünik məsələsi (Zəngəzur) avtomatik həll olunacaq”.
Rusiya xarici işlər naziri Sergey Lavrov bundan öncə Ermənistanı Zəngəzurdan keçən yolların açılmasına dair 10 noyabr bəyantının müvafiq bəndini pozmaqda, prosesi sabotaj etməkdə ittiham etmişdi.