22 Avqust 14:29
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın qərbyönlü qüvvələrindən yaradılmış “Demokratik Qüvvələr Platforması”nın təşəbbüsü ilə ölkənin Avropa Birliyinə (AB) üzvlüyü məsələsi ilə bağlı imzatoplama yenidən təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, Avropa Partiyasının sədri Tiqran Xzmalyan ötən həftə prosesin avqustun ortalarında başlayacaqlarını bildirsə də, ötən gün platforma tarixin sentyabrın ortalarına dəyişdiyini açıqlayıb.

Təşəbbüs qrupu artıq formalaşarkən, səlahiyyətli nümayəndə kimi keçmiş ədliyyə naziri və İrəvan meriyasının üzvü Artak Zeynalyan seçilib.

“Hraparak” yazır ki, bu günlərdə platformada imzatoplamanın məqsədəuyğunluğu ilə bağlı gərgin müzakirələr gedir.

“Bildirilir ki, Ermənistanda son vaxtlar Rusiya əleyhdarlarının sayı artsa da, informasiya platformalarında bu mənzərə yoxdur. Yəni qərbpərəstlər kənardan gələn böyük maliyyə dəstəyi sayəsində müvafiq təbliğatla informasiya sahəsini bağlamağa çalışsalar da, yerdə qərbyönlülərin sayı o qədər də çox deyil.

İmzatoplamanın birinci mərhələsini keçsələr də, ikinci mərhələdə faktla üzləşə bilərlər. Konstitusiyaya görə, birinci mərhələdə 50 min imza tələb olunur ki, məsələ parlamentin gündəliyinə salınsın. Əgər qəbul edilməsə, layihənin mexaniki olaraq referenduma çıxarılması üçün 300 min imza lazım olacaq”.

Platforma bundan əvvəl referendumun keçirilməsi təklifini parlamentə göndərmişdi, amma Baş nazir Nikol Paşinyan onu dəstəkləyən qərbyönlü siyasi qüvvələrin təklifini rədd etmişdi.

Baş nazir iyulun 1-də Ermənistanda belə bir referendum keçirməyəcəyini demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər