Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov ötən günlərdə Ermənistan konstitusiyasına dəyişikliklə bağlı diqqətçəkən açıqlama verdi. Prezidentin nümayəndəsi söylədi ki, Ermənistan konstitusiyasına dəyişiklik edilmədən İrəvanla sülh müqaviləsini imzalamayacaq. Həmçinin o, bu mövzunun tərəflər arasında müzakirə olunmasına diqqət çəkdi.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Əmirbəyovun sözlərinə görə, hazırda sülh prosesinə yeganə maneə budur.
Nəşr Ermənistan hökumətinin məsələ ilə bağlı tutarlı şərh verə bilmədiyini qeyd edir:
“İrəvan rəsmiləri sadəcə cavab verdilər ki, konstitusiyaya dəyişiklik Ermənistanın daxili işidir. Amma Paşinyanın məsələ ilə bağlı Azərbaycan hökumətinin nümayəndələri ilə müzakirə aparması ilə əlaqəli heç bir şərh verilməyib.
“Past” Ermənistan hökumətinə Əmirbəyovun dedikləri əsasında bu mövzunun Bakı və İrəvan arasında müzakirə edilib-edilmədiyi barədə sorğu göndərib. Hökumət sorğuya belə (ümumi) cavab verib ki, Baş nazir Nikol Paşinyanın Ermənistan konstitusiyası ilə bağlı mövqeyi bu il mayın 7-də keçirilən mətbuat konfransında, eləcə də digər brifinqlərdə açıq şəkildə ifadə edilib.
Paşinyan həmin brifinqlərdə konstitusiyaya dəyişiklik zərurətindən danışmışdı. Bu gün də Əmirbəyovun bəyanatına cavab verə bilmirlər. Hökumətdən verilən təpkilərdən belə anlaşılır ki, Paşinyan həqiqətən də Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsini Azərbaycanla müzakirə predmetinə çevirib, ona görə də inkar etmirlər”.