23 Avqust 14:44
11 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı mətnlərini bilmədiyimiz çoxlu sayda sənədlərə imza atıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

“Rusiya xarici işlər naziri Sergey Lavrov və Mariya Zaxarovanın açıqlamaları şok yaratdı. Nə dediklərini anladınızmı? Lavrov söyləyir ki, Ermənistan imzaladığı sənədləri sabotaj edir. Zaxarova daha konkret oldu, söhbət 2 iyun 2023-cü il tarixli protokoldan gedir. Zaxarovanın sözlərinə görə, Ermənistan baş nazirinin təşəbbüsü ilə əldə edilmiş həmin protokolla 10 noyabr bəyanatının 9-cu bəndinin müddəaları konkretləşdirilib.

Protokola görə, Ermənistan ərazisindən keçən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasındakı maneəsiz yol Ermənistanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində fəaliyyət göstərməlidir. Orada həm də bildirilir ki, Azərbaycan yük maşınları Ermənistan sərhəd və gömrük postlarından keçdikdən sonra Rusiya sərhədçiləri tərəfindən izlənilməli və müşayiət olunmalıdır”, - sabiq baş nazir bildirib.

Baqratyanın iddiasına görə, 2 iyun protokolu 10 noyabr bəyanatı ilə müqayisədə Ermənistan üçün daha uyğun idi

“2 iyun protokolu 10 noyabr bəyanatının 9-cu bəndi ilə müqayisədə Ermənistan üçün uğurlu görünürdü. Amma itin başı burada basdırılır. Paşinyan Qərbin təzyiqi altında bu “uğur”u böyütməyə məcburdur. Qərb deyir ki, rus sərhədçiləri olmamalıdır. Azərbaycan da deyirlər ki, Ermənistandan (Zəngəzur) keçən dəhliz Orta dəhlizin bir hissəsi olmalıdır. Obrayen də ABŞ-ın belə bir dəhlizi arzu etdiyini açıqlayır. Bunun Rusiya və İranı bölgədən kənarda qoyacağı bəllidir. Ermənistan isə həqiqətən də 2 iyun protokolu ilə üzərinə götürdüyü öhdəlikləri sabotaj edir, yol dəhlizə çevrilir.

Bundan başqa, Ermənistanın təşəbbüsü ilə Rusiya sərhədin delimitasiyası prosesindən kənarlaşdırılıb. İndi bizim Qərblə Rusiya arasında gedən münaqişədə nə işimiz var?”

Onun sözlərinə görə, kimsə Paşinyanın imzaladığı 2 iyun protokolu ilə yanaşı, 18 dekabr 2020-ci il, 2021-ci il yanvar və 31 oktyabr 2022-ci il tarixli Soçi protokollarının mətnləri ilə tanış deyil: “Bunların mətnlərini kim görüb? Ümumiyyətlə, nə qədər belə sənədlər var? Bunlar nədir?”

Baqratyan əlavə edib ki, Paşinyan sənədləri Ermənistan prezidenti və parlamentinə təqdim etmədən imzalayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər