16 Sentyabr 14:06
4 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya yönəlik siyasətini dəyişmək fikrində deyil, buna görə də üzvlük üçün BRİKS-ə müraciət etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

“Paşinyan son mətbuat konfransında diqqətlə danışdı, üstəlik, söylədi ki, Rusiya kimi bir ölkə haqda ehtiyatla danışmaq lazımdır. Düşünmürəm ki, bu, Paşinyanın xarici siyasət kursunu dəyişdirməsinin əlamətidir, amma bu müddətdə Qərbdən də real dəstək almadı, indi özünü mümkün hadisələrdən (Rusiyadan gələn təhlükədən) sığortalamağa çalışır. Bu, xarici siyasət kursunun dəyişməsi deyil, bu, daha çox Paşinyanın pis günlər üçün ehtiyat variantlar axtarışıdır. Üstəgəl, Paşinyanın Qərbə inteqrasiya kursundan vaz keçdiyini iddia etmək üçün faktlarım da yoxdur, o, daha realist siyasi kursa qayıdıb. Amma bu günlərdə onun komanda yoldaşlarının bir çox açıqlamaları bunun əksini də göstərir”, – ekspert bildirib.

Ermənistanın BRİKS-ə mümkün üzvlüyünə gəlincə, Surenyants qeyd edib ki, Paşinyan xarici siyasət kursunu dəyişmək fikrində deyil, ona görə də Türkiyə və Azərbaycandan fərqli olaraq, bu təşkilata üzvlük üçün müraciət etməyib:

“Paşinyan bu addımın hakimiyyətinin saxlanmasına töhfə verəcəyinə əmin olsa, BRİKS-ə üzvlük üçün müraciət edəcək, əks halda bu addımı atmayacaq. Hadisələrin inkişafını gözləyək, amma mən ondan real addım gözləmirəm. Üstəlik, Paşinyan ərizə versə, Türkiyə və Azərbaycan da artıq BRİKS-ə üzv olsa, bu, Ermənistanın müraciətini zəiflədəcək. Çünki Azərbaycan və Türkiyə Ermənistanın BRİKS-ə qəbulu üçün mütləq ilkin şərtlər qoyacaq.

Paşinyanın dividend qazanması üçün bunu Bakı və Ankaradan əvvəl etməsi daha vacib idi. Ermənistan o anı əldən verdi”.

Ermənistan baş naziri oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər