Rusiya İranı Zəngəzur dəhlizinin açılmasına inandıra bilib.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.
Onun sözlərinə görə, Rusiya və İranın təhlükəsizlik şuralarının katibləri Sergey Şoyqu və Əli Əkbər Əhmədiyanın sonuncu görüşündə məsələ müzakirə olunub:
“Rusiya Xarici İşlər Nazirliyi bəyan etdi ki, İran yolla bağlı Moskvanın mövqeyini başa düşüb, bunu belə oxumaq olar ki, Moskva Tehranı yolun Rusiyanın nəzarəti altında açılmalı olduğuna inandıra bilib.
Rusiyanın iki yolu var. Biri odur ki, kommunikasiyaya özəl təşkilat nəzarət eləsin, bu, Qərb, yaxud Rusiyanın iştirakı deməkdir. Müzakirə olunan ikinci variant bütün kommunikasiyaların Ermənistanın suverenliyi altında olması ilə bağlıdır, amma bunun önəmi yoxdur, çünki Ermənistanla Azərbaycan özəl təşkilat məsələsinə dair danışıqlar aparır.
İran əvvəldən Ermənistan ərazisindən keçən istənilən yolun əleyhinədir, çünki bu vəziyyətdə istənilən yol çox qısa müddətdə dəhlizə çevriləcək. Həmçinin İran orada Qərb, eləcə də Rusiyanın varlığının əleyhinədir. Açılmamaq variantı istisna olunduğu üçün İran orada Qərbdən çox Rusiyanın varlığına üstünlük verəcək”, - ekspert qeyd edib.
Melkonyan iddia edir ki, danışıqlar Moskvanın vasitəçiliyi ilə getməsə, Rusiya Zəngəzurda özünə yer edə bilməyəcək: “İndi Rusiyanın danışıqlarda iştirakı yox, Qərbin beynəlxalq özəl şirkətinin nəzarəti variantı müzakirə olunur. Bu prosesdə Rusiyanın Sünikdə olması (Zəngəzur) istisna edilir”.
Politoloq əlavə edib ki, dəhlizdə maraqları olan güclər Ermənistanın prosesi gecikdirmək səylərinə də imkan verməyəcəklər.
“Ermənistan bu məsələdə İrana dəstək vermir. Üstəgəl, Ermənistanın Azərbaycanla müzakirələr aparması və beynəlxalq özəl təşkilatın iştirakı ilə yolu açmağa hazır olduğunu bəyan etməsi, İranın diplomatik mövqeyini zəiflədir”, - Melkonyan vurğulayıb.