14 Oktyabr 20:46
5 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinə Rusiya sərhədçilərinin nəzarətini istisna etmədiyini bildirib. Halbuki Paşinyan bura qədər Rusiyanın dəhlizə nəzarətini qəbul eləmirdi, hətta 10 noyabr bəyanatının qüvvəsini itirdiyini söyləmişdi.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert hesab edir ki, ötən həftə Paşinyanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Zəngəzur dəhlizinə nəzarətlə bağlı razılaşma əldə edilib:

“Razılaşma əsasında Rusiya sərhəd qoşunlarını İranla sərhəddən çıxaracaq. Həmçinin Türkiyə ilə sərhəddə Ermənistan sərhədçiləri ilə ruslar birgə xidmət aparacaq.

ABŞ Ermənistan baş nazirinin bu qərarı ilə bağlı mövqeyini açıqlamayıb. Orta dəhlizə daxil olan Zəngəzur yolunun Rusiyanın nəzarətinə vermək ABŞ, Türkiyə və Böyük Britaniyanın geosiyasi maraqlarına ziddir. Həmin xətt elə Rusiya maneəsinə görə işləmir. Gürcüstan Rusiya ilə yaxınlaşdığı üçün ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Yəni Amerika Orta dəhlizin bir hissəsinin Gürcüstan yox, Ermənistandan keçməsini istəyir. Amerikaya görə, dəhliz İran və Rusiyadan da yan keçməlidir.

İrəvanın bu gedişi Rusiyanın Ermənistan və regionda mövqeyinin yenidən güclənməsi və Orta dəhlizə nəzarət etməsi demək olacaq. Rusiyanın da istədiyi budur. Görünür, Paşinyan Putinin hədələrinə tab gətirə bilməyib.

Paşinyan da bilir ki, özü və Ermənistan üçün təhlükəli bir prosesə razılıq verib. Buna görə də Paşinyan öz mövqeyindən geri çəkilə bilər. ABŞ onu sıxacaq. Rusiya Zəngəzur dəhlizinə nəzarət edəcəksə, Rusiya və Gürcüstan, eləcə də İrandan keçən yolların bağlanmasına nə ehtiyac vardı? Buna görə də, razılaşma praktiki mərhələyə keçməmiş ABŞ Ermənistanı bu qərarından daşınmağa sövq edəcək.

Paşinyan Vaşinqtona qarşı çıxsa, bu, onun hakimiyyətinin sonu olacaq. Qərb, xüsusən də ABŞ Ermənistan hakimiyyətinə güclü təsir və təzyiq rıçaqlarına malikdir. Qərb Paşinyanı əvəzləyə bilər, bunun üçün potensial namizədləri də var: Alen Simonyan, Ararat Mirzoyan və Armen Qriqoryan. Hər üçün sərt anti-Rusiya baxışına malikdir. Məncə, Paşinyan bunu nəzərə alıb riskə getməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər