“Azərbaycanda elmin inkişafına xüsusi diqqət yetirilir. Bu baxımdan, “Elm haqqında” qanun layihəsi də böyük əhəmiyyət kəsb edir”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ağacan Abiyev deyib.
A.Abiyev bildirib ki, bu sənəd elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati, hüquqi əsaslarını müəyyənləşdirəcək.
Onun sözlərinə görə, qanun vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq: “Son illər elmdə aparılan islahatlar müsbət nəticələr verir. Azərbaycan alimlərinin beynəlxalq qurumlarında apardığı muhazirələr, nüfuzlu universitetlərə fəxri professor seçilmələri elmimizin inkişafını bir daha təsdiqləyir. Hesab edirəm ki, yeni qanun bu sahədə mükəmməl hüquqi baza rolunu oynayacaq. Sənəd elmin inkişafına, bu sahədə aparılan islahatlara təkan verəcək. Həmçinin, qanunda elmi işçinin hüquq və vəzifələri, elmi işçilərin sosial müdafiəsi, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər əksini tapıb ki, bütün bunlar təqdirəlayiq haldır”.
Səxavət