11 Mart 2015 10:59
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

XİN: "Dilqəm Əsgərov və Şahbaz Quliyev dəhşətli işgəncələrə məruz qalırlar"

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "apelyasiya məhkəməsi" azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində "məhkəmə hökmü"nü qüvvədə saxlayıb.

Bundan əvvəl isə separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi" dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm" çıxarıb.

XİN bəyanat yaydı

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyanat yayıb. H.Hacıyev bildirib ki, bu cür məsuliyyətsiz davranışı ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə və beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin girovların azad edilməsi barədə çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymadığını bir daha nümayiş etdirir. O qeyd edib ki, Ermənistan tərəfindən D.Əsgərov və Ş.Quliyev üzərində təşkil olunmuş "məhkəmə prosesi"nin heç bir hüquqi əsası yoxdur və qəbul edildiyi iddia edilən "qərar"lar da heç bir hüquqi mahiyyət kəsb edə bilməz: "Qondarma məhkəmə prosesi vasitəsilə öz üzərinə düşən məsuliyyəti gizlətməyə çalışan Ermənistan tərəfi anlamalıdır ki, Cenevrə konvensiyalarına əsasən nə zaman və harada olmasından asılı olmayaraq, mülki şəxslərin girov götürülməsi qadağandır. Dilqəm Əsgərov və Şahbaz Quliyevi ən qəddar fiziki işgəncələrə məruz qoyan Ermənistan bu kimi qurama məhkəmə prosesi vasitəsilə onları həmçinin mənəvi və psixoloji işgəncələrə məruz qoyur".

XİN rəsmisi bildirib ki, Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş şəxsləri dərhal azad etməlidir: "Ermənistan silahlı qüvvələri tərəfindən girov görürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmaslar davam etdiriləcək".

ABŞ səfirindən çağırış

"Biz onların humanitar jest olaraq azad edilməsinin tərəfdarıyıq".

Bunu isə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistan tərəfinin girovları geri qaytarmaması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Səfirin sözlərinə görə, bu məsələ ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın regiona səfəri zamanı da gündəmə gətirilib: "Xanım Nuland burada olarkən və sonradan Ermənistana getdikdə bəyanatlarında bildirib ki, keçmişdə mövcud olmuş çox yaxşı ənənələrin davamı olaraq humanitar jest kimi onların azad edilməsi təqdirəlayiq hal olardı".

"Azərbaycan torpaqlarını da, insanlarını da azad edəcək"

Millət vəkili Elman Məmmədov bildirib ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın "apelyasiya məhkəməsi"nin azərbaycanlı girovlar barəsində "məhkəmə hökmü"nü qüvvədə saxlaması ermənilərin növbəti təxribatıdır və heç bir hüquqi əsası yoxdur. Onun sözlərinə görə, bir dəstə separatçının, cinayətkarın, terrorçunun yığışıb yaratdıqları qurumun özü heç bir dövlət, beynəlxalıq təşkilat tərəfindən tanınmır: "Əgər bu qurumun özü tanınmırsa, təbii ki, onun tərkibində nələr varsa - o cümlədən "məhkəmə"lər - onlar da o qurum kimi tanınmayan və heç bir hüquqi əsası olmayan cinayətkar dəstələrdir. Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunub, həmin ərazilərdə Azərbaycan qanunları işləmir və bu gün Azərbaycanın onların qeyri-qanuni hərəkətlərinə təsir etmək mexanizmi yoxdur".

Millət vəkili bildirib ki, Azərbaycan bu işlə məşğul olan və məsuliyyət daşıyan beynəlxalq təşkilatlara müraciət edib və bu müraciətlər saysız-hesabsız və ən yüksək səviyyələrdə olub: "Dünyanın ən böyük təşkilatı BMT-dir. Görün, BMT necə iyrənc cavab verir - bu qurum bizim tərəfimizdən tanınmır, ona görə də biz onlara təsir edə bilmirik. Yaxşı, bu qurum sizin tərəfinizdən tanınmır, ancaq Azərbaycan tərəfinizdən tanınır. Azərbaycan sizin üzvünüzdür və bu tanımadığınız cinayətkar qurum Azərbaycanın işğal olunmuş ərazilərində yaradılıb. Niyə indiyədək bu qurumun ləğv edilməsi üçün bir iş görməmisiniz? Yəni bunlar hamısı qeyri-səmimi, riyakar cavablardan başqa bir şey deyil.

Azərbaycan təbii ki, öz vətəndaşlarını bu cinayətkarların əlindən almaq üçün bütün vasitələrdən istifadə edəcək. Onlar mülki vətəndaşlardır, heç bir günahları yoxdur, sadəcə, doğma torpaqlarına gediblər. Cinayəti törədənlər onların torpaqlarını işğal edənlərdir, onları öz yurd-yuvalarından didərgin salanlardır. Bu gün cinayətkarlar günahsız insanları ittiham edir. Ancaq bu məsələ belə qalmayacaq. Son nəticədə Azərbaycan hərbi gücündən istifadə edib torpaqlarını da, insanlarını da azad edəcək".

"Sanki ermənilərin qarşısında acizdirlər"

Politoloq Ramiz Alıyev bildirib ki, Ermənistanın özündə məhkəmə və hüquq sistemi bərbad vəziyyətdədir. Onun sözlərinə görə, məsələyə müxtəlif aspektlərdən baxmaq lazımdır: "Əvvəla, Dilqəm Əsgərov və Şahbaz Quliyevi həbs etmək, məhkəmə qarşısına çıxarmaq kimi səlahiyyətlər qondarma qurumda yoxdur və ola da bilməz. Ona görə ki, o ərazilər Azərbaycana məxsusdur və bunu da bütün dövlətlər, beynəlxalq təşkilatlar təsdiq edib. Hər iki həmyerlimiz də öz doğma yurdlarına gediblər, kimsə onlara deyə bilməz ki, sən niyə öz anadan olduğun torpağı ziyarətə gedirsən. Bunu təbii ki, həmin separatçılar və Ermənistan dövləti bilir. Onlar gündə oyuncaq bir qurumun adı ilə məhkəmə şousu düzəldərək dünyada kağız üzərində olan beynəlxalq hüquq normalarını saymadıqlarını bəyan etmiş olurlar. Digər maraqlı məsələ də ondan ibarətdir ki, Azərbaycan tərəfi demək olar ki, bütün beynəlxalq tədbirlərdə Ermənistanın qanunsuz hərəkətləri, qondarma məhkəmə qurmaları, haqsız yerə həmyerlilərimizin girov götürülməsini diqqətə çatdırır. Ancaq hər zaman olduğu kimi, onlar susur, elə bil belə qanunsuzluqların olması gözləniləndir. Sanki ermənilərin qarşısında acizdirlər. Lakin həmin beynəlxalq təşkilatlar və adını hüquq müdafiəçisi qoymuş qurumlar anlamalıdır ki, acizlik mövqeyi nümayiş etdirdikləri müddətdə Azərbaycan öz hərbi gücü ilə həm tarixi torpaqlarını, həm də girov götürülmüş vətəndaşlarını azad edəcək. Onda Ermənistan adlı bir dövlətin mövcudluğu sual altında qala bilər".

R.Alıyev qeyd edib ki, onsuz da heç bir ölkə tərəfindən tanınmayan qondarma bir qurumun "məhkəmə"si də tanınmayacaq: "Ümumiyyətlə, Ermənistanın özü belə o qondarma qurumu rəsmən tanımır. Bu, bir daha sübut edir ki, həmin qondarma rejim erməni terrorçuları tərəfindən yaradılan oyuncaq, müxtəlif "tamaşalar" göstərildiyi bir qurumdur".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər