18 Mart 2015 16:19
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxud, bu təşkilatlar Avropada və ABŞ-da dini, irqi diskriminasiyanı, rasizmi, neonasizmi və insan hüquqlarının kütləvi şəkildə pozulmasını görmürmü?

Məlim olduğu kimi, Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etməklə böyük bir məsuliyyəti üzərinə götürərək dünyaya yalnız iqtisadi qüdrətini deyil, eyni zamanda, idman, mədəni-humanitar inkişafını da göstərmək imkanı qazanır. Lakin ölkəmizin inkişafını gözləri götürməyən bəzi xarici ermənipərəst qüvvələr və onların daxildəki sözçüləri bu mötəbər idman yarışı ərəfəsində dövlətimizə qarşı qara piar kampaniyası təşkil etməklə məşğuldurlar. Bu piar kampaniyasının önündə gələnlər sırasında isə “Freedom House”, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatları dayanır.

Qərəzi hər kəsə bəlli olan bu qurumlar 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində olduğu kimi indi də I Avropa Oyunları ərəfəsində Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv fikir formalaşdırmağa çalışır. Adları çəkilən təşkilatların ermənipərəst mövqeyi və antiazərbaycançı dairələrin sifarişini yerinə yetirdiyi hər kəsə məlumdur. Butəşkilat haqqında artıq belə bir qəti rəy formalaşıb ki, o, islamofobiya xəstəliyinə yoluxmuş və insan hüquqları məsələsini əsassız şəkildə bəhanə edərək müsəlman ölkələrinə qarşı kampaniya aparmaq missiyasını yerinə yetirməklə məşğuldur.

Bəs, görəsən, Azərbaycana qarşı əsassız iddialar irəli sürən bu təşkilatlar nə üçün Avropada və ABŞ-da dini, irqi diskriminasiyanı, rasizmi, neonasizmi və insan hüquqlarının kütləvi şəkildə pozulmasını görmür, yaxud görmək istəmir? Lap bunu da qəbul edirik ki, onların Qərb dünyasında baş verənlərdən xəbəri yoxdur. Məhz, bu ehtimalı nəzərə alaraq, Avropada və ABŞ-da nələrin baş verdiyini faktlarla adları çəkilən təşkilatların diqqətinə çatdırırıq.

Avropada köçəri xalqlar problemi

Məlumdur ki, dünyada ilk dəfə olaraq, rasizmin və nasizmin baş qaldırdığı məkanın Avropa olması heç də sirr deyildir. İki əsrə yaxın vaxtın keçməsinə baxmayaraq, biz bu gün və eyni tendensiyanın şahidi oluruq. Xüsusilə də, köçəri xalqlara qarşı vəziyyətin ağır olduğunu müşahidə edirik. Hazırda Avropa ölkələrində, xüsusilə də, Yunanıstanda, Çexiyada və Fransada elə bir vəziyyət yaranıb ki, burada köçəri xalqlara qarşı millətçilər tərəfindən hücumlar olduqda belə polis müdaxilə etmir, onlarla bağlı məhkəmə və cinayət-axtarış prosesləri formal olaraq keçirilir.

Bu baxımdan Almaniyada vəziyyət daha da ağırdır. Hətta, diskriminasiya ilə mübarizə təşkilatının keçirdiyi rəy sorğusunun nəticəsində bəlli olub ki, almanların böyük hissəsi köçəri xalqların xüsusi yerlərə köçürülməsinin, həmçinin, deportasiyasının tərəfdarıdır.

İslamafobiya Qərbdə həyat tərzinə çevrilməkdədir

Avropa ölkələrində İslam dininin daşıyıcıları da təqiblərə məruz qalırlar. Ekspertlərin fikrincə, xüsusilə, Fransada, Almaniyada, Belçikada, Niderlandda, İsveçrədə və İspaniyada müsəlmanlar gündəlik həyat şəraitində təhqirlərlə, hətta, fiziki zorakılıqlarla qarşılaşırlar.
Bununla belə müsəlman qadınlar və kişilər geyimlərinə, firiki görünüşlərinə görə iş tapmaqda çətinlik çəkirlər. Eyni zamanda, Avropa ölkələrinin bir çox məscidlərin tikintisi dayandırılıb, hətta, layihə olaraq ortadan qaldırılıb.

Bu xüsusda daha çox diqqəti çəkən məqam Avropada İslama qarşı hərəkatların və informasiya-təbliğat vasitələrinin genişləndirilməsidir. Təkcə onu qeyd etmək kifayətdir ki, bir müddət öncə İslamafob qüvvələr tərəfindən 6 dildə fəaliyyət göstərən “qadınlar islama qarşı” saytının istifadəyə verilməsi bir daha “qoca qitə”dəki anti-İslam əhval-ruhiyyəsinin göstəricisidir.

Həmçinin, tez-tez B.Britaniyada müsəlman qadınlarına hücumların olması, Fransada və Belçikada məscidlərin yandırılması, peyğəmbərlərin təhqir olunması, eyni zamanda, bu ilin fevral ayında ABŞ-da, Şimali Karolinada 3 müsəlman tələbənin dini zəmində qətlə yetirilməsi, növbəti gün isə Texasdakı Müsəlman Mərkəzinin yandırılması onu göstərir ki, İslamafobiya qərblilərin həyat tərzinə çevrilməkdədir.

Bir məqamı da vurğulamaq yerinə düşər ki, Qərbdə İslama, müsəlmanlara qarşı olan dözülməz vəziyyət xristian dini yaşıyıcılarının da sirayət edir. Elə ABŞ-dakı xristian fundamentalistlərin hazırkı papanın dinlərarası dialoqun tərəfdarı olması və xüsusilə məsciddə müsəlmanlarla birgə ibadət etməsi faktını təhqir kimi qəbul etmələri deyilənlərə sübutdur.

Eyni zamanda, qeyd edilməlidir ki, din faktorundan istifadə etməklə və müxtəlif informativ vasitələrlə insanlarda İslam dünyasına və müsəlmanlara qarşı aqressiv mühit formalaşdırılır. Məsələn, 2005-ci ildə Rusiyada yazıçı Yelena Çudinovanın "Paris Məryəm Ana məscidi" (Мечеть Парижской Богоматери) adlı S.Hantinqtonun "mədəniyyətlərin toqquşması” ruhunda yazılmış romanı dərc edilir. Kitab Rusiyada bestseller olduqdan sonra 2009-cu ildə Fransada tərcümə edilərək nəşr edilir. Fantastik roman olan bu əsərdə 2048-ci il təsvir edilir. Guya Fransada müsəlmanların sayı artmış, onlar hakimiyyəti ələ keçirərək qeyd edilən məşhur kilsəni məscid etmiş və fransızlar öz tarixi vətənlərində azlıqda qalmışlar. Cavab olaraq bir qrup vəziyyətlə barışmaq istəməyən milliyyətçi fransız ölkənin müsəlman hakimiyyətinə qarşı terrorçu mübarizə yoluna əl atırlar.

Aydın görünür ki, bu vasitələrlə Avropa və Qərbdə dinlərarası münasibətlərdə ziddiyyətlər daha da alovlandırılır. Bəlkə də, bu tendensiyanın nəticəsidir ki, son müddət ərzində Avropa ölkələrində millətçilər hakimiyyətdə üstünlük qazanmağa başlayıblar. Belə ki, Fransada son seçkilərdə milliyyətçilərin nümayəndəsi Mari Lepen öz partiyası ilə əvvəlki illərlə müqayisədə böyük uğur qazanmışdır. Son seçkidən sonra bir sıra Fransa qəzetləri M.Lepenin "artıq Fransanın hakimiyyət dəhlizinin astanasına" gəldiyini göstərdilər. Avropanın digər ölkələrində də milliyyətçi və sağ partiyalar uğur qazanırlar. Bura son illərdə bəzi Avropa liderlərinin multikulturalizmin həmin ölkələrdə iflasa uğradığını elan etmələrini də əlavə etsək, əslində proseslərin daha dərin, uzun müddətli və qlobal təhlükəli proseslərin başlanğıcı kimi qəbul etmək olar.

Beləliklə də, Avropa və dünyada gedən siyasi, iqtisadi, sosial, demoqrafik və ideoloji proseslər, bütövlükdə sağ və milliyyətçi ideyaların vüsət alması prosesini daha da sürətləndirə bilər. Bu da əlbəttə ki, rasizmə və ksenofobiyaya yol açmış olur.

Rasizm və ksenofobiya müasir Qərbin “nailiyyətidir”

Bir sıra xarici ekspertlərin fikrincə, Avropada rasizm və ksenofobiya əvvəlki illərə nəzərən daha da genişlənib. Bu faktı elə Avropa Birliyinin 27 ölkəsində məskunlaşmış azlıqlar arasında aparılmış rəy sorğusu da sübut edir. 23 500 nəfər insan arasında keçirilmiş sorğunun nəticəsinə görə, onların böyük əksəriyyəti son günlər ərzində rasizmin qurbanı olublar. Lakin hakimiyyət qurumlarına inamları olmadığından polis orqanlarına müraciət belə etməyiblər.

Köçəri xalqların və Afrikadan gəlmiş miqrantların 55 faizi bildirir ki, Avropa ölkələrində onlara qarşı zorakılıq geniş yayılıb, 37 faizi deyir ki, irqi diskriminasiyanın qurbanı olub. Məhz, keçirilmiş sosioloji sorğunun yekunu olaraq ortaya çıxan məntiq ondan xəbər verir ki, son müddət ərzində Avropa ölkələrində diskriminasiya və rasizm xarakterli cinayətlərin sayı xeyli artıb. Məsələn, Almaniyada türklər, balkan əsillilər daha çox təzyiqlərə məruz qalırlar. Almaniyada yaşayan türklərin 52 faizi, balkan əsillilərin isə 46 faizi hesab edir ki, bu ölkədə ksenofobiya “çox yüksək səviyyədə inkişaf edir”. Məhz, bu baxımdan fikri öyrənilmiş insanların hər 4-dən biri onlara kömək edəcək dövlət və qeyri-dövlət qurumunun olmadığını söyləyir.

Avropada antisemitizm də baş qaldırmaqdadır

Avropa Yəhudi Konqresinin və israilli sosioloqların araşdırmalarına görə, son vaxtlar Avropada antisemitizm əhval-ruhiyyəsi yüksəlib. Belə ki, Almaniyada, İspaniyada, B.Britaniyada, Polşada, Macarıstanda, Avstriyada və Fransada aparılmış rəy sorğularının nəticələrinə əsasən demək olar ki, yəhudi əsilli iş adamlarının dünya iqtisadiyyatında yüksək rol oynaması onlara qarşı Avropada nifrətin oyanmasına gətirib çıxarır. Bu xüsusda, Fransadakı “Soxnut” İsrail Milli Agentliyinin rəhbəri David Roşun narahatlığı diqqət çəkir. O, Fransada baş verən insidentlərə diqqət çəkərək bu ölkədə antisemitizm stereotiplərinin yenidən baş qaldırmasını göstərir. Tuluzada, Elzasda və digər şəhərlərdə son müddət ərzində 55 antisemitizm faktı qeydə alınıb. Lakin Roşun sözlərinə görə, bu olaylara qədər son 20 ay ərzində hələ bir dənə də olsun belə bir fakta rast gəlinməmişdi.

Əlbəttə ki, bəzən avropalılar yəhudikərə qarşı baş verən olayları dələduzluq kimi qələmə verməyə çalışsalar da, yəhudi cəmiyyətlərinin aktiv üzvlərinin “qara siyahısı”nın tutulması, karikaturaların çəkilməsi başqa vəziyyətdən xəbər verir.
Bundan başqa, İtaliyada, İspaniyada, B.Britaniyada da antisemitizm hallarına rast gəlinməkdədir.

Qərbdə korrupsiya maksimum həddə çatıb

Avropa ölkələrində və ABŞ son müddət ərzində korrupsiyanın da miqyası maksimum həddə çatıb. Avropa Antikorrupsiya Agentliyinin məlumatına görə, bu məkanda korrupsiya halları görünməmiş həddə çatıb. Qeyd olunur ki, əgər əvvəllər Avropa fondlarından milyonlarla vəsait mənimsənilirdisə, hazırda bu rəqəm milyardlarla ölçülür. Aİ ölkələri korrupsiyaya görə hər il 323 milyard avro itirirlər. Bu da əlbəttə ki, AB-nin 2014-2020-ci illər büdcəsinin 1/3 hissəsini təşkil edir. Korrupsiya hallarına görə, hüquq-mühafizə orqanları tərəfindən 67 800 iş açılıb. Bütün bunlar isə Avropa tarixində rekord hesab edilir.

Avropa Komissiyası da rəsmi olaraq etiraf edib ki, Avropa strukturlarındakı korrupsiya halları lazımsız layihələrə silinən maliyyə vəsaitlərindən formalaşdır.

Məsələn, Almaniyanın Biber şəhərində “Siçanlar üçün körpü” inşa edilib. Sırf siçanların hərəkətinin izlənilməsinə 470 min avro silinib. Həmçinin, Almaniyada 2006-cı ildən tikilməkdə olan hava limanına təxminən 6 milyard avro xərclənib. Hələ hazır olmayan hava limanının saxlanılmasına isə hər il 162 min avro silinir. Bu məqamda qeyd edək ki, Almaniyada korrupsiya halları o qədər artıb ki, hətta, bu ölkənin sabiq prezidenti Kristian Vulf da korrupsiya əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Almaniyanın Yunanıstanı silahlandırma proqramına görə də Aİ-nin büdcəsindən milyardlarla maliyyə vəsaiti silməsi faktları da mövcuddur. Buna görə də, ekspertlər korrupsiyanın vəziyyətinə görə Almaniyanı Nigeriya ilə müqayisə edirlər.

Bununla yanaşı, Fransanın büdcə naziri Jer Kayuzak da korrupsiya əməlinə görə məsuliyyətə cəlb edilib və araşdırma zamanı bəlli olub ki, nazir gizli bank hesabına görə, 600 min avro vergidən yayınıb.

Niderlandda isə hasil edilən qazın satışından əldə olunan vəsaitlər xüsusi fondlara qoyulur ki, gələcək nəsillərə saxlanılsın. Lakin bir müddət öncə həmin fondların hesabına baxış keçirilərkən aydın olub ki, yarım trilyon dollar naməlum istiqamətdə xərclənib.

ABŞ-da isə korrupsiya işsizlikdən sonra ikinci ən böyük bəladır. Amerikalıların 80 faizi hesab edir ki, ABŞ hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb.

Bəhruz QULİYEV

Yəni, bu faktlardan da aydın görünür ki, Avropada və ABŞ-da korrupsiya dövlət səviyyəsində müşahidə olunan prosesdir.


Bir sözlə, apardığımız qısa araşdırma onu göstərir ki, Avropa və ABŞ heç də onların təqdim etdiyi kimi gözəl və şəffaf deyildir. Onlarda daha çox insan hüquqlarının pozulması hallarına rast gəlinir. Sadəcə olaraq, müxtəlif vasitələrlə, informasiya-təbliğat kanalları ilə ictimai rəyi manipulyasi edir, siyasi “terapiya” ilə məşğul olurlar. Ona görə də, onların daxilindəki vəziyyət diqqətdən kənarda qalır. Bu mənada, “Freedom House”, “Amnesty İnternational” və “Human Rights Watch” kimi təşkilatlara məsləhət görərdik ki, bu problemlərə diqqət ayırsınlar və maliyyələşdikləri strukturların şəffaflığına çalışsınlar, bir daha hədəfdə olan başqa ölkələrin daxili işlərinə qarışmasınlar.


Müəllif: