13 Aprel 2015 17:52
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə keçirilən irimiqyaslı təlimlərin yekunlarına dair müşavirədə komandir-rəis heyəti qarşısında çıxışında işğal olunmuş ərazilərin tezliklə azad olunacağına əminliyini ifadə edib. Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, o, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində regionun ən güclü ordusuna çevrildiyini deyib: "Ordumuzun silahlanmasında yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir və dəqiq məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası var. Şəxsi heyətin döyüş ruhu və qələbə əzmi gündən-günə artır. Son təlimlərdə biz bunun əyani şahidi olduq".

Düşmən tərəfinin hazırkı vəziyyətini qiymətləndirən müdafiə naziri son döyüşlərdə canlı qüvvə sarıdan xeyli sayda itki verən ermənilərin təxribat törətmək planlarının tam alt-üst olduğunu diqqətə çatdırıb.

"Düşmənin mövqelərimiz istiqamətində dəfələrlə təxribat xarakterli əməliyyatlar keçirmək cəhdi ayıq-sayıq əsgərlərimiz tərəfindən elə ilk anda alınıb. Bu həmişə belə olub və gələcəkdə də bu cür olacaqdır. Ermənilər itkilərini cidd-cəhdlə gizlətməyə çalışırlar. Amma biz işğal olunmuş ərazilərdəki vəziyyətdən tam məlumatlıyıq. Müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə etdiyimiz məlumatlara görə, Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyət həddən artıq acınacaqlıdır. Düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, eyni zamanda, Yaxın Şərq regionundan - Livandan, Suriyadan olan muzdluları cəlb edir.

Azərbaycan əsgəri erməni xalqına qarşı deyil, Ermənistanın cinayətkar, kriminal hərbi siyasi-rejiminə, onun əlləri günahsız dinc əhalinin qanına bulaşmış rəhbərliyinə qarşı müharibə aparır", - deyə müdafiə naziri bildirib.

Ali Baş Komandanın hər bir əmrinə Silahlı Qüvvələrin daim hazır olmasını xüsusi vurğulayan Z.Həsənov Azərbaycan əsgərinin xalqın və dövlət rəhbərliyinin etimadını doğruldacağına əminliyini ifadə edib.
"Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin yeganə çıxış yolu erməni silahlı birləşmələrinin birdəfəlik və qeyd-şərtsiz ərazilərimizi tərk etməsidir. Torpaqlarımızın işğaldan azad olunmasının digər alternativi isə güc tətbiq edilməsidir. Düşmən bunu anlamalı, dərk etməli və səbrimizi sınağa çəkməməlidir.

Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşən yeganə vəzifə isə düşməni darmadağın etməyə hər an hazır olmaqdır. Biz buna hazırıq və bütün qoşun növlərində döyüş hazırlığının gücləndirilməsi, şəxsi heyətin peşəkar səviyyəsinin artırılması və döyüş əzminin yüksəldilməsi məqsədilə daim keçirilən döyüş atışlı təlimlər, məşqlər qələbə gününün uzaqda olmadığına sübutdur", - deyə müdafiə naziri qeyd edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər