Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Milli-mənəvi və dini dəyərlər: tarixilik, müasirlik” adlı dəyirmi masa keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkənin aparıcı media rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlət qurumları rəhbərlərinin mütəmadi olaraq baş redaktorlarla görüşlər keçirdiyini vurğulayıb.
Komitə sədri Mübariz Qurbanlı isə çıxış edərək bildirib ki, bu gün Azərbaycanda mətbuatın, televiziyanın rolu böyükdür: "Biz qurum olaraq mətbuata çox açığıq. İslam dini dünyada ikinci yerdədir. Son araşdırmalar islam dininə inananların sayının getdikcə artdığını göstərir. Biz klassik islam ölkəsiyik. Lakin hələ də bəzi yerlərdə bütpərəstlik mövcuddur".
Dini Komitə sədri həmçinin deyib ki, Azərbaycanda hər hansı dini missionerlik üçün yer yoxdur: “Dünyanın bəzi yerləri var ki, missionerlik orada inkişaf edə bilər. Amma bu, Azərbaycanda ola bilməz. Çünki Azərbaycanda heç bir radikal cərəyanın fəaliyyəti üçün şərait mövcud deyil. Azərbaycan müsəlman ölkəsidir. Bilirsiniz ki, dünyada səmavi dinlər mövcuddur. Bunların içində islam dini əhəmiyyəti ilə seçilir. Səmavi dinlərə etiqad edən insanların sayını hesablasaq, görərik ki, dünya əhalisinin yarısı bu dinlərə sitayiş edir. Dindən bəzi radikal qruplar istifadə edir. Hamıya bəllidir ki, vəhhabiliyə xarici qüvvələr dəstək verirlər. Bu proses Azərbaycandan da yan keçməyib. Biz bütün bunların qarşısını vaxtında alırıq. Hegemonluğa iddialı olan cərəyan məhvə məhkumdur”.
Azərbaycan xalqının formalaşma prosesində dinin rolunun az olduğunu vurğulayan M.Qurbanlı qeyd edib ki, İslamın bölgədə təşəkkül tapmasına baxmayaraq, hansısa radikal cərəyanın inkişafına yol verməyib:
“Müəyyən zamanlarda islam dinin zəifləməsi xurafatçılığı ortaya çıxarıb. Bu xurafatçılığı islamın adına yazmağa çalışıblar. Amma xurafatçılıq tamam başqa şeydir. Bunu dinə qatmaq olmaz. “Molla Nəsrəddin” jurnalı islamdakı xürafata qarşı mübarizə aparırdı, reallığı ortaya qoyurdu. Xurafatla mübarizə aparmaq dinlə mübarizə aparmaq deyil. Əksinə, bu, islamı daha da gücləndirir. Sovet dövründə də islam dini sıxışdırılıb, yanlış təqdim olunub. Amma xalqımız milli-mənəvi dəyərlərini, islam dinini qoruyub-saxlaya bilib”.
M.Qurbanlı ölkədəki hazırki dini vəziyyətlə də bağlı fikirlərini də açıqlayıb: “Müstəqillik əldə etdikdən Azərbaycanda dövlət-din münasibətlərinə xüsusi önəm verilir. Bu müddət ərzində Qafqaz Müsəlmanları İdarəsinə əlavə səlahiyyətlər verildi, İslam Universiteti yaradıldı. Bütün bunlar islam dininin inkişafına yönəlib. Amma bir məsələyə aydınlıq gətirmək lazımdır: iqtisadi aləmdə açıq qapı siyasəti yeritsək də, bu, din sahəsində ola bilməz. İmkan verə bilmərik ki, hanısısa dini dairələr Azərbaycanda açıq şəkildə fəaliyyət göstərsinlər. Azərbaycan tolerant ölkədir. Amma bu o demək deyil ki, islamın hanısısa radikal qolu bizim içimizə daxil ola bilər. Bu, tolerantlıq sərhədlidir”.
Daha sonra bir sıra media rəhbərləri ilə Dini Komitə sədri arasında sual-cavab dialoqu keçirilib.
Bəxtiyar