28 Aprel 2015 19:05
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis 9 min manat cərimə və ya 3 il həbs cəzası təklif edir

Azərbaycana genetik motifikasiya olunan məhsulları gətirən şəxslər cəzalandırılacaq. Bununla əlaqədar olaraq Milli Məclis Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. Dəyişikliyə əsasən, kodlaşdırılmış məhsul gətirən şəxslər 9 min manata qədər cərimə və 3 il müddətinə azadlıqdan mərhum ediləcək. Bu barədə deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Daha sonra qanun layihəsi ətrafında müzakirələr başlayıb.

Deputat Aqil Abbas bildirib ki, ölkədə bıçaqlanma hadisəsi adət-ənənəyə çevrilib. Demək olar ki, hər gün respublikada bıçaqlanma nəticəsində ölüm hadisəsi baş verir: “Belə ki, qardaş qardaşı, dayı bacı qızını, qonşu isə qonşunu qətlə yetirir. Bu günlərdə oteldə baş verən hadisə də buna bir misaldır. Cavan bir oğlan bıçaqlanma nəticəsində dünyasını dəyişib”.

Millət vəkili qeyd edib ki, belə halların qarşısının almaq məqsədi ilə soyuq silahların saxlanması, gəzdirilməsi və satılması ilə bağlı qanunvericilikdə dəyişiklik edilmədir: “Polisə əlavə səlahiyyət verilməlidir ki, şübhələndiyi şəsi saxlayıb, üzərində baxış keçirsin. Artıq beynəlxalq təcürbədə belə bir qanun var. Türkiyədə soyuq silahların müəyyən edilməsi ilə bağlı qanun qəbul edildi. Niyə bizdə də bu qəbul olunmasın? Əgər qanunvericilikdə məsələ ilə bağlı məsuliyyət məsələsi sərtləşdirilsə bir sıra cinayət hallarının qarşısını almaq olar”.

Deputat Fazil Qəzənfəroğlu isə deyib ki, əslində polisin kifayət qədər yetkisi var və istənilən şübhəli şəxsi saxlaya bilər: “Ancaq məncə, burada problem mədəni səviyyə ilə bağlıdır”.

Deputat Siyavuş Novruzova görə, elə məhsullar var ki, ölkədə istehsal olunmadığı üçün xaricdən gəlir: “Bu məhsullara nəzarət olmalıdır. Burada məsələ qaldırıldı ki, aqressiya artır və s. Ancaq burada informasiya da rol oynayır. Televiziyalarda başda kriminal xəbərlər gedir. İnsanın necə qətlə yetirilməsini göstərirlər. Eləcə də saytlarda, internetdə insanın özünü necə asmalı olduğunu göstərirlər. Məncə, sosial reklamlar olmalıdır. Törədilən cinayəti xüsusi anonsla vermək lazım deyil. İnsan nə qədər ağır informasiya qəbul edirsə, bir o qədər də aqressivləşir. Əlbəttə, burada dini cəryanların qızışdırma amilləri və s var. Ancaq Azərbaycanda tarixən tolerantlıq olub və bundan sonra da olacaq. Azərbaycanda milli ayrı-seçkilik heç vaxt olmayıb və həmişə qardaş kimi yaşamışıq. Odur ki, Əlikram Hümbətov kimi şəxslərin nə deməsindən asılı olmayaraq, birliyimizi və monolitliyimizi davam etdirməliyik”.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə qeyd edib ki, genin dəyişdirilməsi səbəbindən məhsuldarlıq çox olur və uzun müddət qalır. Əlbəttə, bu lazımdır. Çünki Afrikada milyonlarla insan acından ölür və ora lazımdır. Ancaq Azərbaycana lazım deyil. İndi bu məhsulları gətirənlər 3-5 min manat, ikinci variantda 4-6 min manat cərimə və 3 il müddətinə qədər azadlıqdan mərhumetmə ilə cəzalandırılır. Cərimələrin miqdarı 9 min manata qədərdir. Hesab edirəm ki, kodu dəyişdirilən məhsullar insanlarda aqressiya, müxtəlif xəstəliklər yaradır. Biz bir müddət əvvəl Norveçə getmişdik, öyrəndik ki, gənclər özlərini dənizə atırlar. Bizdə də, görürsünüz ki, insan-insanı öldürür, kişi arvadını qətlə yetirir. Əlbəttə, burada kodu dəyişdirilən məhsulların təsiri ola bilər. Bilmək lazımdır ki, bütün məhsullar eyni ölçüdə və formada ola bilməz. Heç insanlar eyni deyil, biri uzun, bir qısadır. Əlacımız qalıb özümüzə. Çalışmalıyıq ki, Quba alması, Xaşmaz pomidoru və başqa təbii məhsullar yeyib özümüzü öldürməyək”.

Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, prezidentin iradəsi ilə qanun layihəsi hazırlanıb və Milli Məclis bunu müdafiə edir. Sonda qanun layihəsi qəbul edilib.

Nemət


Müəllif: