11 May 2015 01:37
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 10-da Rumıniyanın Buxarest şəhərində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.

Mərasimdə Azərbaycanın Rumıniyadakı səfirliyinin, Heydər Əliyev Fondunun, ARDNŞ-in Rumıniya nümayəndəliklərinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin üzvləri, türk-tatar icmasının təmsilçiləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ümummilli Liderin büstü önünə əklillər qoyulub.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyini ziyarət ediblər. Nümayəndəliyin direktoru İqbal Hacıyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Ulu Öndərin müstəqilliyimizin möhkəmlənməsində, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, sabitliyin bərqərar olunmasındakı xidmətlərindən bəhs edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr barədə danışıb. İ.Hacıyev, həmçinin Heydər Əliyevin adını daşıyan Fondun çox şaxəli humanitar xeyriyyəçilik fəaliyyətindən bəhs edib. Humanizm ideyaların arxalanaraq fəaliyyət göstərən Heydər Əliyev Fondunun Rumıniyada 8 il ərzində həyata keçirdiyi layihələrdən söhbət açan nümayəndəliyin direktoru Fondun istər Azərbaycanda, istərsə də xarici ölkələrdə hər zaman ehtiyacı olanların yanında olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Fərid Abdinbəyov müstəqil Azərbaycan dövlətçiliyinin bərqərar olması, ölkədə sabitliyin bərqərar olması, regionda və beynəlxalq aləmdə dövlətimizin mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması və dünyəvi dəyərlərə inteqrasiya sahəsində ümummilli lider Heydər Əliyevin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs edib və bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyini diqqətə çatdırıb.

ARDNŞ-in Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov bildirib ki, 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoyub. O, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyevin başçılığı altında qətiyyətlə davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının nəticəsində əldə olunan nailiyyətlərin Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaratdığını vurğulayıb.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyində təşkil olunan fotosərgi ilə tanış olub, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.


Müəllif:

Oxşar xəbərlər