Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92 illiyi ilə bağlı Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən cari ilin 10 may tarixində təntənəli mərasim keçirilmişdir.
Tədbirdə Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadze, Acarıstan Muxtar Respublikasının Ali Sovetinin Sədri Avtandil Beridze, Batumi şəhərinin meri Qiorqi Ermakov, Ambrolauri şəhərinin meri Rati Namqaladze, Oni şəhərinin icra başçısı Qiorqi Lobdjanidze, Batumidə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin nümayəndələri, Acarıstan Muxtar Respublikasının hökumət aparatının və nazirliklərinin, Batumi meriyasının məsul işçiləri, Kulevi terminalının və “SOCAR-Georgia” şirkətinin nümayəndələri, Batumi Dövlət Universitetinin professor, müəllim və tələbə heyəti və muxtar respublikanın ziyalıları iştirak etmişlər.
Baş Konsul Hüseyn Nəcəfov öz çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunub qorunmasında və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsində, iqtisadi və siyasi islahatların həyata keçirilməsində son dərəcə mühüm rolunu vurğuladı. Baş Konsul Ümummilli Liderin apardığı siyasət nəticəsində bu gün Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrdən biri olduğunu qeyd etdi. H.Nəcəfov bildirdi ki, Azərbaycan Respublikasının torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına və bir milyon qaçqın və məcburi köçkün olmasına baxmayaraq, Azərbaycan iqtisadi, siyasi və diplomatik sahələrdə yüksək uğurlara nail olmuşdur. Bu uğurlar uzun illər ərzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Baş Konsul qeyd etdi ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi davamıdır və bunların nəticəsində Azərbaycan müxtəlif sahələrdə böyük nailiyyətlərə müvəffəq olmuşdur.
Çıxışının sonunda Baş Konsul son dövrdə iqtisadiyyat, mədəniyyət və idman sahələrində Azərbaycanın Respublikanın əldə etdiyi uğurlar haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. O, Azərbaycanın bilavasitə təşəbbüsü və iştirakı ilə TANAP və TAP qaz boru kəmər layihələrinin beynəlxalq əhəmiyyətinə diqqəti çəkərək, bu layihələrin Avropanın enerji xəritəsini dəyişdirəcəyini vurğuladı. Baş Konsul, həmçinin, qeyd etdi ki, Azərbaycan Avropa Oyunlarını qəbul etmək hüququnu qazanmışdır və cari ilin 12-28 iyun tarixlərində ilk Avropa Oyunları Bakı şəhərində keçiriləcək. O, 2015-ci ildə Bakının, həmçinin, şahmat üzrə Dünya Kubokuna, 2016-cı ildə isə Şahmat Olimpiadasına və “Formula-1” üzrə Avropa Qran Prisinə ev sahibliyi etməyə hazırlaşdığını söyləmişdir. H.Nəcəfov 2017-ci ildə Azərbaycanda İslam həmrəyliyi oyunlarının təşkil olunacağını və 2020-ci ildə Bakı şəhərində futbol üzrə dünya çempionatının həm qrup mərhələləri, həm də 1/4 final üzrə oyunlarının keçiriləcəyini də qonaqların diqqətinə çatdırmışdır.
Acarıstan Muxtar Respublikasının Hökumət Sədri Arçil Xabadze öz çıxışında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin ad günü münasibəti ilə Azərbaycan xalqını təbrik edərək, qeyd etdi ki, Heydər Əliyev tanınmış siyasi xadim və milli lider idi, ölkənin müstəqilliyi və dövlətçiliyi onun adı ilə sıx bağlıdır. A.Xabadze Heydər Əliyevin daxili və xarici siyasəti nəticəsində Azərbaycanın regionun inkişaf etmiş və qabaqcıl ölkələrindən birinə çevrildiyini vurğulayaraq Heydər Əliyevin ölkələrin yaxın tarixini yaradan siyasətçilərdən olduğunu ifadə etdi.
Tədbirdə həmçinin Acarıstan Muxtar Respublikasının Alı Sovetin Sədri Avtandil Beridze çıxış edərək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik etdi. O, öz nitqində diqqəti Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında mövcud qardaşlıq münasibətlərinə yönəldərək Heydər Əliyevin də məhz Naxçıvanda anadan olmasının və fəaliyyətinin müəyyən dövrünün bu muxtar respublika ilə bağlı olduğunun bir növ rəmzi məna daşıdığını qeyd etdi. O, Naxçıvana səfəri zamanı Heydər Əliyevin çalışdığı kabinetdə şəxsən olduğunu vurğulayaraq hazırda muxtar respublikada onun işinin ləyaqətlə davam etdirildiyini bildirdi. A.Beridze Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın və Gürcüstanın müstəqilliyinin möhkəmlənməsində və inkişaf olunmasında əvəzolunmaz rol oynadığını vurğuladı.