Özbəkistan və Azərbaycan Fövqəladə hallar nazirlikləri 19 may tarixində xəbərdarlq və fövqəladə halların qarşısının alınması yönündə əməkdaşlıq sazişi imzalayıblar.
İmzalama Özbəkistan fövqəladə hallar naziri Tursinxan Xudaybergenovla Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında baş tutub.
Nazir Kəmaləddin Heydərov Özbəkistanın “Jaxon” informasiya agentliyinə müsahibəsində bildirib ki, bu sənəd texnogen və təbii fəlakət hadisələrinin qarşısının alınması zamanı təcrübə mübadiləsində daha effektiv imkanlar yaradır və səmərəli əməkdaşlığın inkişafı üçün yeni üfüqlər açır.
“İmzalanmadan əvvəl danışıqlar zamanı biz iki ölkə xilasedicilərinin birgə təlimlərin keçirilməsi və beynəlxalq təlimlərdə iştrakı barədə razılığa gəldik”- deyə Kəmaləddin Heydərov deyib.
“Azərbaycan və Özbəkistanda seysmik həssaslığın çox oxşar olduğunu nəzərə alaraq biz əməkdaşlığımızın dərinləşməsindən çox şadıq. Bu o deməkdir ki, biz bir-birimizdən çox şey öyrənə bilərik. Bizim üçün özbək həmkarlarımızın təcrübəsi çox dəyərlidir. Eləcə də biz öz yeni layihə və ideyalarımızı bölüşməyə hazırıq. Bu gün əldə olunan razılıq fövqəladə hallar zamanı xəbərdarlıq və insanların xilas edilməsi kimi vacib sahədə əməkdaşlığımıza yeni impuls verəcək. Bu yöndə əsas məsələlərdən biri birgə araşdırma fəaliyyəti olacaq”- deyə nazir Kəmaləddin Heydərov əlavə edib.
Xəbərdə qeyd olunur ki, razılaşmanın imzalanmasından sonra azərbaycanlı qonaqlar mülki müdafiə İnstitutunun zəlzələ simulyasiya Mərkəzini ziyarət ediblər. Burada qonaqlar Fövqəladə Hallar Nazirliyinə aid avadanlıqlar və texnika ilə tanış olublar, Özbəkistan seysmoloji inkişaf tarixi muzeyinə baxış keçiriblər.
Qeyd edək ki, Bakıda Binəqədi rayonunda 16 mərtəbəli binanın yanması səbəbi ilə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov səfərini yarımçıq dayandıraraq Vətənə qayıdıb.(anspress.com)