Baş nazir Artur Rasizadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında qərar imzalayıb.
Teleqraf,com xəbər verir ki, “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1111; 2009, № 10, maddə 846; 2010, № 7, maddə 702; 2011, № 5, maddə 449; 2012, № 5, maddə 493) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 1-ci, 2-ci, 3-cü (3.4-cü bənd istisna olmaqla) və 4-cü hissələri ləğv edilsin.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli fərmanı ilə “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilib və fərmana əsasən Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etməli idi.
Bununla əlaqədar Nazirlər Kabineti “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın “Dövlət büdcəsi vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsi” ilə əlaqədar hissə istisna olmaqla, bu Qaydanı ləğv edib. Bununla da Azərbaycanda dövlət büdcəsi vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsini həyata keçirəcək orqan müəyyənləşib. Tikintinin bazis smeta sənədlərinin düzgünlüyü barədə Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi alındıqdan sonra tikintilərin cari qiymətlər səviyyəsində müqavilə dəyərinin düzgünlüyü Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən müəyyən edilir.