Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da keçirilmiş buraxılış imtahanının (IX və XI siniflər üçün) nəticələrini açıqlayıb.
TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında http://eservices.tqdk.gov.az/netorta/ linkinə daxil olmaqla və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
Təqdim olunan linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə də tanış olmaq mümkündür.
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə bir daha çatdırılır ki, ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bir fənn üzrə minimal balı isə 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.
V qrup üzrə müsabiqə şərtləri isə 2 saylı "Abituriyent" jurnalında verilib.
Buraxılış imtahanında bir düzgün cavab 1 balla hesablanır.
Xatırladaq ki, iyunun 6-da Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.
TQDK Ümumtəhsil məktəbləri rəhbərləri, əlaqələndricilərindən xahiş edir ki, buraxılış imtahanında iştirak edəcək şagirdlərin buraxılış vərəqəsində və məktəb arayışındakı şəkillərinin onların indiki görünüşünə uyğun olmasını təmin etsinlər. Məzunların nəzərinə isə çatdırır ki, məzunlar buraxılış imtahanına getmədən əvvəl “Şagird-məzun” sistemindəki məlumatlarınızı yoxlayın. Məlumatlarınızla bağlı hər hansı səhv aşkar etsəniz, dərhal məktəb əlaqələndiricisinə bu barədə məlumat verilsin.
NİGAR