“Son zamanlar hakimlər əsas oldu, olmadı təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci (daha yüngül cəza təyin olunması) və 70-ci (şərti cəza təyin olunması) maddəsini tətbiq edirlər”.
Teleqraf.com xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev bu gün keçirilən plenum iclasında deyib. Onun sözlərinə görə, insan hüquqlarının və azadlıqlarının təmin olunmasının tərkib hissəsi kimi əhalinin digər hüquqları ilə yanaşı mülkiyyət hüququnun toxunulmazlığı da dövlət tərəfindən qorunur və müdafiə olunur.
Ramiz Rzayevin sözlərinə görə, son zamanlar dələduzluq cinayətləri geniş vüsət alıb və bu da cəmiyyətdə haqlı narazılığa səbəb olur. O, qeyd edib ki, istənilən məhkəmə qərarının əsası sosial ədalət olmalıdır: “Təəssüflər olsun ki, son zamanlar hakimlər əsas oldu, olmadı təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci (daha yüngül cəza təyin olunması) və 70-ci (şərti cəza təyin olunması) maddəsini tətbiq edirlər. Heç kim demir bu maddələr tətbiq olunmasın. Lakin rüşvət işlərində bu maddələr necə tətbiq oluna bilər? Həmin şəxs mənimsədiyi pulu yetimlərə xərcləyib, yoxsa qaçqınlara ev tikib? Hakimlər işlərinə ciddi və məsuliyyətli yanaşmalıdırlar”.
Ali Məhkəmənin sədri son zamanlar MTK məsələsi də sosial bəlaya çevrilməsindən danışıb. O, bildirib ki, bir neçə gün əvvəl MTK-dan ev alan bir nəfəri qəbul edib. O, deyib ki, MTK rəhbəri bir evi 16 nəfər satıblar.
Hacı Zeynalov