İyunun 14-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanış mərasimi keçirilib, IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı olub.
Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
Həmin gün Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də açılıb.
AZƏRTAC xəbər verir ki, Xəzər rayonundakı “Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının yekun günü festival çərçivəsində yaradılan maraqlı əsərlərin nümayişi ilə yadda qaldı.
Mərasimdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əsərlərlə tanış oldu.
Festival Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, IDEA İctimai Birliyi, Müasir İncəsənət Muzeyi, “Qız qalası” incəsənət qalereyası və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən iyunun 11-də başlayıb.
Ənənəvi olaraq bu il də İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunmuş festivalın bağlanış mərasimi isə ilk dəfə olaraq “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda keçirildi. Festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaq, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdir. Festivalda rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar. Bu nadir sənət nümunələri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevrilir. Festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb edirlər. Nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nin simvolu kimi seçilmiş ceyran maketləri hazırlanaraq ötən il festivalda iştirak etmiş və festivalın dostları olan rəssamlar tərəfindən xüsusi rəsm üslubu və dekorasiya ilə bəzədilib. Bu il festivalda dünyanın 17 ölkəsindən 27 tanınmış rəssam iştirak edib.
Festivalın konseptual xəyal sərhədləri layihəyə hər il maraqlı, paralel aksiyalar daxil edilməsi sayəsində genişləndirilir. Bu il festivalın iştirakçısı olan rəssamlar tərəfindən birinci Avropa Oyunlarının simvolları - Nar və Ceyran heykəlləri də rənglənib.
Festivalın sonunda bənzərsiz sənət əsərlərinə çevrilən Qız qalası və Ceyran maketləri əvvəlcə Bakı sakinləri və şəhərimizin qonaqları üçün İçərişəhərdə, daha sonra isə müxtəlif ölkələrdə sərgilənərək Azərbaycanı, onun tarixini və mədəniyyətini təmsil edəcək, həm də festivalın digər bir məqsədinə - ictimaiyyətin diqqətini vəhşi təbiətin mühafizəsi ilə bağlı problemlərə yönəldilməsinə xidmət edəcək.
Festivalın bağlanış mərasimində vurğulandı ki, bu dəfəki “Qız qalası” Beynəlxalq incəsənət festivalı ilk Avropa Oyunlarının keçirildiyi tarixi məqama təsadüf edir. Bu festival UNESCO-nun “Dünya İrs Abidələri” siyahısına daxil edilən Qız qalasının dünyada tanıdılması məqsədilə 2010-cu ildən etibarən təşkil edilir. Dörd il Bakı şəhərində, bir dəfə isə Fransanın Kann şəhərində reallaşan “Qız qalası” festivalı və Qala qəsəbəsində keçirilən “Tullantıdan sənətə” sərgisinə həsr edilən filmlərin nümayişindən sonra festivalın və sərginin iştirakçıları bu tədbirlərlə bağlı fikirlərini söylədilər, təşkilatçılara minnətdarlıqlarını bildirdilər.
Sonra IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı oldu.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış oldu.
Sərgidə 17 ölkədən 23 incəsənət nümayəndəsinin məişət tullantılarından istifadə edərək hazırladıqları sənət əsərləri yer alıb. Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşdırılıb. Sərginin məqsədi tullantılara dəyər qazandırmaq, onlarla rəftarda məsuliyyətli yanaşmanı təbliğ etməkdir. Bu gün Bakıda tullantıların tərkibində olan xammal və enerji bərpa olunur və istifadə edilir.
Artıq dördüncü dəfə keçirilən bu beynəlxalq tədbirin Qala qəsəbəsində təşkili isə təsadüfi deyil. “Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC-nin Qala qəsəbəsində icra etdiyi “Təmiz Qala” adlı pilot layihə çərçivəsində reallaşdırılır. Layihə çərçivəsində qəsəbə sakinləri üçün tullantıların idarə edilməsi ilə bağlı müxtəlif maarifləndirici tədbirlər keçirilir.
Qala qəsəbəsinin ərazisində tullantıların “Təmiz Şəhər” ASC tərəfindən çeşidlənmiş şəkildə toplanması, daşınması və təkrar emalı təşkil edilir. Qəsəbə sakinləri məişət tullantılarını “üzvi tullantılar” və “qeyri-üzvi tullantılar” formasında ayrılmış 2 fərqli rəngdə (yaşıl və göy) qutulara atırlar. Həmin qutular da müvafiq olaraq yaşıl və göy rəngli yük avtomobilləri tərəfindən yığılır. Avtomobillərin hərəkəti “Təmiz Şəhər” ASC üçün xüsusi hazırlanmış marşrutun optimallaşdırılması elektron proqramı ilə tənzimlənir. Bu proqramla tullantıların daşınması üçün vaxt və məsafə baxımından ən uyğun marşrutlar seçilir. ASC tullantıları yığaraq özünün zavodlarında emal edir və ya elektrik enerjisi almaq üçün istifadə edir.
İyunun 14-də Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də açıldı. Hər il bir neçə gün nümayiş olunan əsərlər artıq bu muzeydə daim sərgilənəcək. Əvvəlki illərdə keçirilən “Tullantıdan sənətə” sərgilərində nümayiş olunan əsərlər də bu muzeydə təqdim ediləcək. Layihədə iştirak edən sənətkarlar istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, dəmir qırıqları və digər tullantılara ikinci həyat verməklə “lazımsız əşyalar toplusu”ndan hətta incəsənət əsərləri də düzəltməyin mümkün olduğunu bir daha nümayiş etdirirlər.