Azərbaycan qitə tarixində ilk mühüm idman hadisəsi olan Avropa Oyunlarını mükəmməl şəkildə təşkil etməklə, Avropaya öz oyunlarına sahib olma şansını bəxş edir. Lakin dünyanın idman cameəsinin Avropa atletlərinin Bakıda qızğın mübarizəsinə diqqət kəsilməsi fonunda Qərb mediasının Azərbaycana "həsr etdiyi" mənfi materialların xronologiyası acı bağırsaq kimi uzanmaqdadır. Bu, istər-istəməz "Qərb Avropanın idmanına da töhfə verən Azərbaycana nədən bu qədər hücum edir?" kimi suallar yaradır. Cavabı Qərbin apardığı siyasətdə asanlıqla tapmaq mümkündür: Azərbaycan Qərbin müsəlman dünyası haqda yaratdığı "qorxulu obraz"ı alt-üst edir.
Çünki 2012-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi hüququnu əldə edəndə elə Avropanın özündə Azərbaycanın bunu reallaşdırmaq iqtidarında olmadığı kimi iddialar ortaya atılırdı. Lakin Azərbaycan beynəlxalq idman yarışlarının təşkili üçün vacib olan üç amilə - iqtisadi inkişaf, stabillik və təcrübəyə malik idi. Cəmi 30 ay müddətində Avropa Oyunlarının təşkil olunması üçün həyata keçirilən işlər, Avropa standartlarına uyğun idman infrastrukturunun qurulması anti-Azərbaycan dairələrin iddialarını alt-üst etdi.
İyunun 12-də Cənubi Qafqazın ən böyük və müasir stadionu olan Bakı Olimpiya stadionunda təşkil olunan ilk Avropa Oyunlarının açılış mərasimi ilə Azərbaycan dünyaya öz təcrübəsini və bacarığını nümayiş etdirdi. Avropalıların özü Bakıda gördüklərini heç vaxt unutmayacaqlarını deyir, bu mükəmməl şou haqda danışırlar. Açılış günü "Twitter"də #Baku2015 həştəqinin dünya brendinə çevrilməsi də bunu sübut edir.
Oyunları izləmək üçün Bakıya gələn jurnalistlər indiyə qədər Olimpiya Oyunlarının keçirildiyi ölkələrdə bu qədər mükəmməl xidmətlə qarşılaşmadıqlarını etiraf edirlər.
Misal üçün, ispaniyalı jurnalist Ernesco Roco deyir: "İşimizi yüksək səviyyədə həyata keçirməyimiz üçün hər cür şərait var. Biz bunu hər yerdə görmürük".
Azərbaycanda lupa ilə "səhv" axtaran Qərb mediası eyni iddiaları təkrar-təkrar səsləndirməkdən başqa çarə tapmadı. Hətta əli hər şeydən üzülən "The Guardian" qəzetinin açılış mərasimi haqda "millilik çoxdur" deməkdən başqa yolu qalmadı. Bu daha çox əli ətə çatmayan pişiyin "çiydir" deməsinə bənzəyirdi. Azərbaycan isə bu "tir axtaranların" ittihamlarına fikir vermədən öz üzərinə düşən işi mükəmməl səviyyədə həyata keçirir. Məhz bu amil Qərbə sərf etmir. Onların fikrincə, müsəlman ölkəsi olan Azərbaycan onların təsvir etdiyi formada - zəif, anti-demokrat, humanizmdən kənar ölkə olmalıdır. Əgər belə deyilsə, bu təsəvvür formalaşdırılmalı, mütləq şəkildə mənfi imic yaradılmalıdır. Məqsəd isə Qərb dairələrinin "müsəlmanlar dünya sülhü üçün qorxuludur" afişası altında apardığı "mübarizəyə" haqq qazandırmaqdır.
Bu gün Qərbin, xüsusilə demokratiyadan çox bəhs edən ölkələrində islamafobiyanın cəmiyyətin ayrılmaz parçasına çevrildiyi açıq şəkildə müşahidə olunur. Hər gün hansısa Avropa ölkəsində müsəlmanlara qarşı hücumların edildiyi xəbəri manşetlərə çıxır. Qərb hökumətləri buna qarşı olduqlarını deyir və islamofobiya ilə mübarizə görüntüsü yaradırlar. Lakin əslində necədir?
Avropada yaşayan yəhudi əsilli Roni Marqulies əsl səbəbi aydın şəkildə göstərir: "Bu gün ABŞ və Avropada şüurlu şəkildə müsəlmanlara qarşı ayrı-seçkilik edilir. Qərbdə islamofobiya 11 sentyabr hadisələrindən sonra ortaya çıxdı. Xüsusilə, Corc Buşun prezident olduğu dövrdə ABŞ-da və Avropada dövlətlərin əli ilə islamafobiya gücləndirildi. İslamafobiya siyasətinin konkret səbəbləri var. Avropa dövlətləri islamafobiya ilə mübarizə aparırlarmış kimi görünürlər. Çünki demokratik dövlət olduqlarını iddia edirlər. Lakin gizli şəkildə islamafobiya dəstəklənir. Çünki ABŞ bir tərəfdən İraqı, digər tərəfdən Əfqanıstanı işğal etdi. Bu gün də Yaxın Şərqdə müharibə aparır. Bu siyasətə legitimlik qazandırmağın yolu da müsəlmanlar haqda qorxulu obraz yaratmaqdan - islamofobiyadan keçir".
Göründüyü kimi, Qərb islamofobiyadan xarici siyasətdə vasitə olaraq istifadə edir və bu siyasətə nəinki açıq, hətta dolayısı yolla mane olanlar belə hədəf seçilir. Qərbin hədəfində iki məqsəd var: öz ölkələrinin ictimaiyyəti qarşısında Yaxın Şərqdə aparılan müharibəyə legitimlik qazandırmaq və Avropada çoxalan müsəlman miqrantları uzaqlaşdırmaq.
"Avrostat" mərkəzinin proqnozlarına görə, 2010-2060-cı illər ərzində Avropa İttifaqının əhali artımında immiqrasiyanın payı 17 faiz təşkil edəcək. Avropa ölkələrinə immiqrasiyanın yarısı isə müsəlman ölkələrinin payına düşür. Son statistikaya görə, Avropada təqribən 60 milyon müsəlman yaşayır.
Yəni, Avropanın gələcək taleyi müsəlmanlaşmaq təhlükəsi ilə üz-üzədir. Gələcək taleyindən qorxan Qərb müsəlmanların "vəhşi", müsəlman ölkələrinin isə "təhlükəli" olduğu barədə təbliğat aparır. Birinci təbliğatla miqrant müsəlmanlar Avropadan uzaqlaşdırılır, ikinci ilə müsəlman ölkələrinə edilən hücuma haqq qazandırılır.
Belə bir vaxtda Azərbaycanın müsəlman ölkəsi kimi öz qüdrətini dünyaya nümayiş etdirməsi, hökumətlərinin "müsəlmanlar qorxuludur" təbliğatının hədəfinə çevrilən avropalının müsəlman ölkəsində humanizmi əyani şəkildə görməsi islamofobiya siyasətinə qarşı əsas maneə hesab olunur. Qərb bunu qəbul etmir, qəbul edə bilmir və son günlər "The Guardian", "The Times", "The Sunday", BBC, "Washington post" və bu kimi Qərbin "rupor"u rolunda çıxış edən media orqanlarının anti-Azərbaycan təbliğatının arxasında bu amil açıq şəkildə görünür.