24 İyun 2015 10:57
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası keçirilir. İyunun 22-də öz işinə başlayan qurumun yay sessiyası 26-a kimi davam edəcək. Sessiyanın gedişində avropalı parlamentarilər tərəfindən bir çox məsələlər müzakirə edilir.

Onların sırasında Rusiya Federasiyası nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması, Türkiyədə son parlament seçkilərinin nəticələri, Azərbaycandakı demokratik institutların vəziyyəti, Macarıstandakı daxili durum, Ukrayna münaqişəsi zamanı itkin düşən şəxslərin axtarışı, Avropa ölkələrinin ciddi probleminə çevrilən miqrasiya axınının yaratdığı problemlərin çözüm yolları, media etikası və bu sahədə şəffaflığın artırılması kimi məsələlər dayanır.

İyunun 23-də günün ikinci yarısı Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında müzakirələr aparılıb. Mövzu ilə əlaqədar hesabat AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən təqdim edilib. Sonra hesabat ətrafında müzakirələr aparılıb.

Hesabat Azərbaycanda bu ilin payızında keçiriləcək parlament seçkilərindən öncə ölkədəki demokratik təsisatlarının fəaliyyətinin öyrənilməsi və Assambleyanın 2013-cü ildə Azərbaycan üzrə qəbul etdiyi tövsiyələrin yerinə yetirilməsi və onların dəyərləndirilməsi ilə əlaqədar hazırlanıb. Həmməruzəçilər Azərbaycan hökumətinin şəffaflığın təşviq edilməsi və korrupsiya, terrorizmin maliyələşdirilməsi, çirkli pulların yuyulmasına qarşı mübarizəsindəki səylərini yüksək qiymətləndirib, Avropa İnsan Hüquqları Konvensiyası ilə təmin olunmuş sərbəst birləşmə və söz azadlığı hüquqları arasında tarazlığın yaradılmasına çağırıblar. Hesabatda 2014-cü ilin avqustunda Avropa Şurası baş katibi ilə Azərbaycan Prezidenti arasındakı razılığa əsasən, İnsan Hüquqları üzrə birgə İşçi Qrupunun bərpa olunması müsbət qiymətləndirilir. Müzakirələrdə avropalı parlamentarlar Azərbaycandakı vəziyyətlə bağlı fikirlərini bildiriblər.

Müzakirələr "Assambleya Azərbaycanın xarici siyasi gündəminin böyük əksəriyyətinə hakim olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır” - ətrafında aparılıb. Erməni tərəfi və onları müdafiə edən avropalı deputatlar bu paraqrafın tam şəkildə və yaxud onun işğala aid son cümləsinin sənəddən çıxarılmasını və ya son cümlənin “...hakim olan Dağlıq Qarabağ münaqişəsinin nəticələri” cümləsi ilə əvəz olunmasını tələb edən əlavə və dəyişikliklər irəli sürüblər. Monitorinq Komitəsinin iclasındakı səsvermələrdə 22 səs lehinə, 21 səs əleyhinə olmaqla yuxardakı paraqrafın sonuncu cümləsinin çıxardılmasını nəzərdə tutan 3 nömrəli dəyişiklik komitə tərəfindən təsdiq olunub. Prosedur qaydalarına görə, sözügedən iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ olmayıb.

Azərbaycan üzrə keçmiş həmməruzəçi Jozef Debono Qrex fikirləri ilə diqqət çəkib: "Bu ölkə ilə 9 il işləmişəm. Mən anlaya bilmirəm, o qədər postsovet ölkəsində problemlər olur, amma mən burada həmişə Azərbaycanın adını eşitmişəm. Niyə? Məgər bizə Azərbaycanda xaos lazımdır, yoxsa stabil bir ölkə? Biz Azərbaycanla işlədikdə elə qüvvələrlə rastlaşmışıq ki, onlar bizimlə söhbətlərində bu ölkədə hökuməti devirməyə çağırışlar edirdilər. Məgər Avropa Şurası belə fikirlərin müdafiəçisidirmi? Azərbaycandan bu gün Qərbi Avropadakı demokratiyanı həmən olmasını gözləməməliyik. Biz bu ölkəyə demokratiyanın inkişaf etdirilməsində öz yardımımızı göstərməliyik".

Çıxış edən avropalı deputatların bəziləri Azərbaycanın çox həssas və mürəkkəb geopolitik vəziyyətdə olduğunu bildirərək, bu ölkədə stabillik, dünyəvilik prinsiplərinin hökm sürdüyünü xüsusi qeyd ediblər.

Ermənistan nümayəndə heyətinin üzvü Hovannisyan Arpin Azərbaycanın Dağlıq Qarabağ və digər yeddi rayonunun Ermənistan tərəfindən işğal olunması terminologiyasının “indiyə kimi heç bir beynəlxalq sənəddə əks edilmədiyini” bildirib. O, Assambleyanı bu ifadəni işlətməməyə çağırıb.

Müzakirələrdən sonra hesabata təklif edilən 32 dəyişikliyin səsverməsində “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə...” cümləsi “Dağlıq Qarabağ münaqişəsi barədə..” cümləsi ilə əvəz olunub. Təklifin müəlliflri Pyeter Omtzigt, Mailis Reps, Bernar Paskye, Andreas Qros, Röne Ruke və erməni deputat Hovannisyan Arpin olub.

Avropa bütün dünyaya demokratiya carçısı olduğunu söyləyir. Bütün proseslərə bu prizmadan yanaşdığını iddia edən Avropa nədənsə, heç də həmişə bu “andına” sadiq qalmır. Masa üzərinə şəxsi maraqlar gəldiyində əksər hallarda “andlar” nə yazıq ki, unudulur. Çox qabarıq və bir çox hallarda çox eybəcər şəkildə önə çıxan iqtisadi maraqlar demokratiya “donuna” bürünmüş siyasi mövqeləri həmən bir kənara atır.

Azərbaycan təəssüf ki, bir çox dönəmlərdə bu ikiüzlü yanaşma ilə qarşılaşmalı olur. Məsələn, Azərbaycanda insan haqları məsələlərini müzakirə edənlər haqqında bəhs etdikləri ölkədəki proseslərdən söz açanda işğal altında olan bir məmləkətdən danışdıqlarını onları dinləyənlərə sezdirməyi heç ağıllarından belə keçirmirlər. Sanki bu ölkədə müharibə olmayıb, torpaqlar işğal olunmayıb, soyqırımlar yaşanmayıb, insanlar öldürülməyib, əsir, girov düşməyib. Əcəba, bu sadalananlar insan haqları məsələlərinə aid deyilmi? Avropalı parlamentarilərə görə, aid deyilsə, bəs nədir???

Hər fürsətdə Azərbaycanla diktə dilində danışmağa, ölkəyə qarşı təzyiq göstərməyə çalışan Avropa çox maraqlıdır, görəsən, nədən ədalətli ola bilmir? Buna mane olan nədir?

Avropanın yüksək dairələrinin rəsmiləri hər dəfə verdikləri açıqlamalarda Azərbaycanla daima yüksək səviyyəli və davamlı əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirirlər. Sərgilənən ikiüzlü siyasətin fonunda kölgədə qalan Avropa ədaləti nə yazıq ki, saxta diplomatiyasının üzərindəki pərdəni gizlədə bilmir.

Avropanın Azərbaycana qarşı mövqeyi ilə Ermənistana qarşı yönələn münasibətinin paralel analizini aparanda sanki ağ və qaraya bürünən pəncərələrdən boylanan baxışları görürük. Yəni, Avropadan Qafqaza boylanan ikiüzlü pəncərə misali.

Hələ bu günlərdə ermənilər Azərbaycanla təmas xəttinə yaxın olan işğal altındakı ərazilərdə yanğınlar törətdilər. Zaman-zaman işğal altında olan torpaqlarda ermənilər tərəfindən vandalizmlər törədilir. Amma hər zamankı kimi Avropa bütün bunlara göz yumur, görməməzlikdən gəlir. Qeyri-ciddi yazıların müəllifi olmayan mən bu dəfə bu sözləri deyəcəyəm, deyimimə görə qərib-qərib baxanlar olsa da – Avropanın Azərbaycana baxanda ədalət gözü bağlanır. Əcəba, bəs görəsən, Avropa Ermənistana baxanda hansı maraqlar önə keçir? Və niyə? Hansı səbəblər Avropanı bu qədər ikiüzlülüyə vadar edir? Avropa Şurasında yay sessiyasının keçirildiyi günlərdə Ermənistanı etiraz dalğaları bürüyüb. Qafqazın bu ölkəsində zorakılıq, həbslər, işgəncə halları və sair baş alıb gedir. Mənə çox maraqlıdır, görəsən, Avropa bu baş verənləri görürmü? Görürsə, səsini çıxaracaqmı? Nə zaman? Biz Avropanın yüksək tribunalarından Ermənistanda insan haqları kütləvi şəkildə pozulur, demokratiya boğulur, diktatura hökm sürür, siyasi məhbuslar problemi mövcuddur kimi fikirlər eşidəcəyikmi? Azərbaycana qarşı irəli sürülən tələblər Ermənistan mövzusu masa üzərinə gəldiyində işə düşəcəkmi? Bunu zaman göstərəcək.

Ədalət tələb edən Avropanın ədalətli olmağa ehtiyacı var. Əks halda, ikiüzlü dediklərinizlə dinlənilməyəcəksiniz.

Azərbaycan tərəfi dəfələrlə Avropa Şurasında qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər qaldırıb. Amma nə kəramətdirsə, qara pəncərə danışan dillərin bəsirət gözündə bir pərdə olduğundan onlar Azərbaycanda hər şeyi ancaq qara rəngdə görürlər.

Trend.az

Müəllif:

Oxşar xəbərlər