2 Sentyabr 2015 11:59
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin, Nəsimi bələdiyyəsinin, “Bələdiyyə həyatı” qəzetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkialtının (GİZ) təşkilatçılığı ilə bu gün “Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda seminar keçirilib.

Teleqraf.com-un məlumatına görə, seminarın keçirilməsində əsas məqsəd əmlak vergisinin yığımıyla bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklər ətrafında fikir mübadiləsi etmək, bu istiqamətdə tətbiq edilən yeniliklər barədə məlumat vermək, təcrübə mübadiləsi və mövcud problemlərdən çıxış yollarını müəyyən etməkdir.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə Azərbaycanda əksmərkəzləşdirmə siyasətinin və yerli özünüidarəetmənin təkmilləşdirilməsinin başlıca istiqamətlərinə toxunaraq bələdiyyələrin Prezident İlham Əliyevin may ayındakı sərt tənqidindən nəticə çıxardıqlarını dilə gətirib. O qeyd edib ki, Azərbaycanda yerli özünüidarəetmənin inkişafını təmin etmək üçün strateji məqsədlər müəyyənləşdirilməli, yerli özünüidarəetmənin gələcək inkişafının başlıca məqsədləri insan potensialının artırılmasına və hər bir bələdiyyə qurumunda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir: “Bu gün bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə diqqətlə yanaşılmalı və onların sürətlə həllinə çalışmaq lazımdır. Bu problemlərdən biri də bələdiyyələrin əmlak vergisylə bağlıdır. Qeyd edilməlidir ki, bu istiqamətdə müntəzəm olaraq addımlar atılır və yeniliklər tətbiq edilir, təcrübə qazanılır. Nəsimi bələdiyyəsinin qazandığı təcrübəni, tətbiq etdiyi yeniliyi əmlak vergisinin yığımında bu sahədə mövcud olan problemlərin həllində çıxış yollarından biri kimi qəbul etmək olar”.

Nəsimi bələdiyyyəsinin sədri Nazim Qaraxanov çıxışında əmlak vergisinin yığımında bələdiyyənin qarşılaşdığı problemlərə toxunaraq, bu məqsədlə bələdiyyə tərəfindən yeni layihələrin həyata keçirildiyini qeyd edib. Sədrin sözlərinə görə, ilk olaraq bələdiyyənin internet resursu təkmilləşdirilib və əmlak vergisinin ödənişini həyata keçirmək üçün onlayn ödəmə həyata keçirilib: “Bu gün artıq bələdiyyəmiz nəğdsiz ödəmədən onlayn ödəməyə keçidi reallaşdırıb. Bundan əlavə E-manat sistemində ilk olaraq Nəsimi bələdiyyəsinin ödənişini həyata keçirmək mümkün olacaqdır. Qeyd edək ki, bütün bunlar bələdiyyənin daxili imkanları hesabına mümkün olub”.

N.Qaraxanov bildirib ki, vətəndaşlar onların xüsusi mülkiyyətində və ya istifadəsində olan mənzillərə görə vergi ödəməlıdirlər.

“Bələdiyyə həyatı” qəzetinin baş redaktoru Vüqar Tofiqli əmlak vergisinin yığımıyla bağlı yeniliklərdən danışıb: “Bu yenilikləriu bələdiyyə öz daxili imkanları hesabına həyata keçirib. Nəsimi bələdiyyəsinin bu addımı alqışa layiqdir. Üstəlik E-manatın tətbiqi də maraqlı məqamdır. Bu gün bələdiyyələrin qarşılaşdığı digər problem əmlak vergisinin tətbiqi, xüsusilə sənədsiz mənzillərə hüquqi statusun verilməsi ilə bağlıdır. Bu bələdiyyələr hüquqi statusu olmayan mənzillərdən hər hansı vergi yığa bilmir. Qeyd edim ki, sənədsiz mənzillərin qeydiyyatına start verilib. Lakin onun icrası, eləcə də bilavasitə bələdiyyələrə daxil olacaq vəsait ləngiyir. Nəzərə alaq ki, bu gün Bakı və Bakıətrafı ərazilərdə 550 mindən artıq sənədsiz mənzil var. Bu siyahıya yeni tikililəri, o cümlədən mənzillərdə aparılan artırmaları da əlavə etsək, rəqəm bir qədər də arta bilər. Təxmini hesablamalara görə sənədsiz mənzillərin ümumi həcmi üst-üstə 3 milyon kv.metr yaşayış sahəsi təşkil edir. Demək, Bakı bələdiyyələri il ərzində orta hesabla 1,2 milyon manat vəsait itirirlər. Təsəvvür edin ki, bu məbləğə kifayət qədər böyük layihələr icra etmək mümkündür. Adi görünə bilən bir detalın icra olunmaması həm bələdiyyələrə, həm də vətəndaşlara nə qədər mənfi təsir edir. Beləliklə, problemlər kifayət qədərdir. Mövcud problemlərin həlli yalnız bu prosesləri koodinasiya edə biləcək orqanın yaradılması da daxil olmaqla kompelks şəklində öz həllinin tapmalıdır. Biz bələdiyyə tərəfindən həyata keçirilən yeniliklərdən, onların qarşılaşdığı problemlərdən danışdıq. Amma unutmayaq ki, bələdiyyələrin özündə də ciddi problemlər var. Bu mövcud bələdiyyələrin hamısına şamil olunmasa da, kifayət qədər bələdiyyələrimizin maarifləndirləməsinə ehtiyac vardır”.

Tədbirdə mövzu ətrafında Milli Məclisin Regional məsələlər Daimi Komitəsinin sədri Arif Rəhimzadə, Milli Məclis üzvləri, bələdiyyə sədrləri, QHT təmsilçiləri çıxış edərək digər bələdiyyələrin bu sistemi tətbiq etməsini və bələdiyyələrin qarşılaşdığı problemləri aradan qaldırmaq məqsədiylə yerli özünidarəetmə strategiyasının hazırlanmasına ehtiyac olduğunu vurğulayıblar. Tədbirin sonunda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) təşkilatçılığı ilə işıq üzü görən “Bələdiyyələrin statusu: hüquq və vəzifələri” adlı kitab geniş ictimaiyyətə təqdim edilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər