Ermənistan ordusu ötən gecə cəbhəboyu əraziləri iriçaplı silahlardan intensiv atəşə tutub.
Teleqraf.com Türkel TV-yə istinadən xəbər verir ki, düşmən ordusu axşam saatlarından başlayaraq, cəbhəboyu əraziləri iriçaplı silahlardan, pulemyot və minaatanlardan, həmçinin qumbaraatanlardan atəşə tutub. Düşmən əsasən, Qazax və Tovuz rayonları istiqamətlərində yerləşən yaşayış məntəqələrini hədəfə alır. Xüsusən Tovuzun Koxanəbi, Muncuqlu, Ağbulaq və Əlibəyli kəndləri intensiv atəşə tutulur.
Ermənistan Silahlı Qüvvələrinin davamlı atəşi nəticəsində Tovuz rayonunun düşmənlə təmas xəttinə yaxın olan Əlibəyli kəndinə ciddi ziyan dəyib. İriçaplı silahlardan atılan mərmilər evlərin damlarını, pəncərələrini sıradan çıxarıb.
Ermənistan ordusunun atdığı mərmilər bu dəfə də dinc sakini yaralayıb. 64 yaşlı Əlibəyli kənd sakini Tofiq Kazımov qarın nahiyəsindən iki güllə yarası ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkimlərin müdaxiləsindən sonra zərərçəkənin həyatını xilas etmək mümkün olub.
Ermənistan ordusu kəndi daha çox adsız yüksəkliklərdən atəşə tutur. Cəbhəboyu ərazilər tam olaraq Silahlı Qüvvələrimizin nəzarətindədir.
BƏXTİYAR