Azərbaycan Dövlət Filarmoniyasında keçirilən vida mərasimindən sonra mərhum xalq artistinin cənazəsi I Fəxri xiyabanda torpağa tapşırılıb.
15:05
Habil Əliyevin vida mərasiminin rəsmi hissəsində xalq yazıçısı Elçin Əfəndiyev, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və bir çox sənət adamları iştirak edib.
Mərasimdə çıxış edən Əbülfəz Qarayev Habil Əliyevin Azərbaycan musiqi sənətindəki yerindən danışıb. O qeyd edib ki, Azərbaycanda kamançanı Habilsiz təsəvvür etmək mümkün deyil. Habil Əliyevin ilk iş yeri bu gün toplaşdığımız Azərbaycan Dövlət Filarmoniyası olub. O bu sənət ocağında Azərbaycan musiqisini, muğamını, kamança ilə ifa edərək rəğbət qazanıb. Azərbaycan xalqı hər zaman Habil Əliyevi xatırlayacaq. Onun kamançada ifa etdiyi xalq, bəstəkar mahnıları heç vaxt unudulmayacaq”.
Daha sonra çıxış edən əməkdar incəsənət xadimi Firəngiz Əlizadə də Habil Əliyevin böyük sənətkar olduğunu, Azərbaycan xalqının onunla hər zaman fəxr etdiyini qeyd edib: “Mən də daxil olmaqla bir çox sənət adamları Habil Əliyevin rəsmi tələbələri olmasaq da özümüzü onun mənəvi tələbələri hesab edirik. Azərbaycanda kamança aləti adı çəkiləndə ilk olaraq yaddaşımıza Habil Əliyevin adı gəlir. Çünki onun kamança ifaçılığında qazandığı nailiyyətlər çox təqdirə layiqdir. Biz onu heç vaxt unutmayacağıq”.
Qeyd edək ki, vida mərasimin rəsmi hissəsi başa çatıb və Habil Əliyevin
cənazəsi I Fəxri Xiyabana yola salınır.
14:25
Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi qeyd edib ki, Azərbaycan mədəniyyətinə, muğamına ağır itki üz verib: “Habil Əliyev çox böyük sənətkar idi. O kaman ifaçılığında fərqli, özünəməxsus cığır açmışdı. Biz Habil müəllimlə cismən ayrılırıq. Amma mən əminəm ki, Habil Əliyev musiqisi son nəfəsimizə qədər bizimlə yaşayacaq”.
Müğənni Röya Ayxan Habil Əliyevin ölümündən çox kədərləndiyini qeyd edib: “ Böyük sənətkarı itirdik və artıq onun kaman səsi, gözəl danışığı, zarafatları olmayacaq. Şərəflə yaşadı, şərəflə öldü. İndi onun kimi insan olmaq çox çətindir”.
13.05
Kamança ustası Habil Əliyevin vida mərasimində çıxış edən xalq artisti Əlibaba Məmmədov bildirib ki, Habil Əliyevin vəfatı Azərbaycan musiqi sənəti üçün böyük itkidir: “Bu gün Azərbaycanın çox böyük kamança ustası ilə vidalaşırıq. Onun Azərbaycan musiqi sənətində xidmətləri həddindən artıq çoxdur. Habilə qədər biz kamançanı dinləyə bilmirdik. Amma Habil muğamlarımızı kamançada elə gözəl ifa edirdi ki, ona qulaq asmamaq mümkün deyildi. Habilin gedişi ilə Azərbaycan musiqi sənətində çox böyük sənətkarı itirdik. Allah ona rəhmət etsin”.
Xalq artisti Canəli Əkbərov isə vurğulayıb ki, H. Əliyev böyük şəxsiyyət və böyük sənətkar olmaqla yanaşı çox gözəl dost və ailə başçısı idi: “ O muğamlarımızı kamançada elə gözəl ifa edirdi ki, səsi dünyanın bütün ölkələrindən gəlirdi. Çox zarafatcıl insan idi, həyatı çox sevirdi. Həyatının son anına qədər həyata bağlı bir insan idi. Xalqımız Habil Əliyevin Azərbaycan musiqisinə verdiyi töhfələri heç vaxt unutmayacaq”.
Xalq artisti Arif Babayev deyib ki, kamança ustası çox zarafatcıl insan idi: “Habil Əliveylə bir çox qastrol səfərlərdə olmuşuq. Onunla hər zaman zarafatlarımız olurdu. Həmişə deyirdim ki, Habil, sən 100-ə qədər yaşayacaqsan, əgər bu yaşa qədər yaşamasan sənin vida mərasiminə gəlməyəcəm. O da deyirdi ki, bəlkə sən məndən əvvəl rəhmətə getdin. Habil çox zarafatcıl insan idi. Onu hamı sevirdi. Habil Əliyev həmişə yaşayıb və yaşayacaq”.
11.15
Teleqraf.com xəbər verir ki, artıq insanlar Habil Əliyevlə vida mərasiminin keçiriləcəyi Azərbaycan Dövlət Filormaniyasına axın etməyə başlayıb. Hazırda millət vəkili Aydın Mirzəzadə, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Rahib Azəri müğənni Röya Ayxan, Manaf Ağayev, Canəli Əkbərov, Arif Babayev və İlham Namiq Kamal Filarmoniyadadırlar.
Qeyd edək ki, kaman ustası sentyabrın 8-də vəfat edib.
10.00
Dünən axşam saatlarında dünyasını dəyişən xalq artisti Habil Əliyevin bu gün vida mərasimi keçiriləcək.
Bu haqda Teleqraf.com- a kaman ustasının nəvəsi məlumat verib: "Vida mərasimi səhər saat 11.30-dan 14.00-dək Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək".
Qeyd edək ki, xalq artisti I Fəxri Xiyabanda dəfn olunacaq.
Rəqsanə
Nərmin