11 Sentyabr 2015 16:36
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli QHT Forumu Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnaməsi ilə əlaqədar olaraq növbədənkənar iclas keçirib.

MQF-dən Teleqraf.com-a verilən məlumata görə, iclasda QHT rəhbərləri, MQF idarə heyətinin üzvləri iştirak edib.

MQF-nin prezidenti Rauf Zeyni Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnaməsinin QHT-lər tərəfindən narazılıqla qarşılandığını, vətəndaş cəmiyyəti qurumları arasında ciddi etiraz və təəssüf hissi doğurduğunu bildirib.

İclasda çıxış edənlər Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinin ermənilər tərəfindən yerinə yetirilmədiyini, Avropa Parlamentinin bütün bunları gözardı etdiyini və qəbul edilən qərəzli qətnamədə Azərbaycan ilə bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığını vurğulayıblar. İclasın yekununda sıralarında 660 QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu adından Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli antiazərbaycan qətnaməsinə etiraz bəyanatı qəbul olunub.

Bəyanatda qeyd edilir ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməsi Azərbaycan QHT-ləri tərəfindən narazılıqla qarşılanıb: “Qətnamənin lehinə 365, əleyhinə 202 parlamentar səs vermiş, 72 nəfər bitərəf qalmışdır. Qətnaməyə səs vermiş “parlamentarlar” Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırıblar. Eyni zamanda, Avropa Parlamentinin Azərbaycan hakimiyyəti ilə insan haqları və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərdə birgə işləməsi üçün tezliklə ölkəyə nümayəndə heyəti göndərməsi təklif olunub. Qəbul edilən bu sənəddə Azərbaycan ilə bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığı, subyektiv və qərəzli xarakter daşıdığı açıq aydın görünür. Qətnamədə ayrı-ayrı halların qərəzli şəkildə təqdim olunması və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana nümayəndə heyəti göndərməsi təklif edilir, ancaq münaqişənin 20 ildən artıqdır ki, həll olunmaması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum olması barədə bir kəlmə belə deyilmir. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi - (822, 853, 874, 884) dörd qətnamənin tələbləri ermənilər tərəfindən yerinə yetirilmir və Avropa Parlamenti bütün bunları gözardı edir. Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bu cür “sənəd”lər dinamik inkişafa malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın qəbul edilməməsindən qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür. Azərbaycan dövləti milli maraqlarına cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olmuşdur. Bu səbəbdən müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təhqir və təzyiq məqsədilə qəbul olunmuş hər hansı sənəd qəti şəkildə qəbuledilməzdir.

Belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi isə öz növbəsində Azərbaycanı Avropa Parlamenti və bu kimi təşkilarlarla əməkdaşlığın ölkəmizə nə dərəcədə lazım olması barədə ciddi düşünməyə əsas verir.

Avropada demokratiyanın dayaqlarından biri kimi tanınan bu qurumun belə gözlənilməz və anlaşılmaz addım atması bütövlükdə regionda və dünyada demokratik dəyərlərə və ədalət prinsiplərinə vurulan zərbədir. Bu qətnamə Avropa Parlamentinin ikili standartlar və islamofobiya mövqelərindən çıxış etdiyini bir daha bariz şəkildə göstərir.

Sıralarında 660 QHT-ni birləşdirən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnaməyə qəti etiraz bildirir və Avropa strukturlarını Azərbaycana qarşı ikili standartlardan əl çəkməyə və beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırır”.

BƏXTİYAR


Müəllif: