17 Sentyabr 2015 15:59
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycanın dövlət siyasətinin sosial yönümlülüyü görülən hər bir işdə, icra olunan hər bir layihədə özünü büruzə verir. Uzun illər boyu təmir olunmadığına görə yararsız vəziyyətə düşmüş kənd yollarının abadlaşdırılması bunun əyani sübutudur. Hər bir yaşayış məntəqəsinin abadlığının əsas şərti onun yolunun rahat olmasıdır. İndi ölkənin demək olar ki, əksər regionlarında kənd yollarının təmiri və yenidən qurulması prosesi davam edir. Bu proses Kürdəmir rayonundan da yan keçməyib. İndiyədək rayonun bir çox yaşayış məntəqələrini birləşdirən yollar müasir vəziyyətə gətirilib. Növbəti yenidənqurma işləri Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunda həyata keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov məlumat verdi ki, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisinə dövlətimizin başçısının 2012-ci il 7 mart tarixli Sərəncamına əsasən başlanılıb və bu məqsədlə Prezidentin ehtiyat fondundan 3 milyon manat, yol tikinti işlərinin tam başa çatdırılması üçün əlavə 4 milyon manat vəsait ayrılıb. İlkin mərhələdə yolun tikintisi keyfiyyətsiz aparıldığına görə sonradan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla davam etdirilib. Avtomobil yolunun ümumi uzunluğu 28 kilometr, eni 8-10 metrdir. Yolda lazım olan bütün infrastruktur quraşdırılıb.

Sonra Prezident İlham Əliyev burada sakinlərlə görüşdü.

Xəlsə kənd sakini Hacıoğlan Hacıyev dövlətimizin başçısına sakinlərin ürək sözlərini çatdırdı.

Sonra müəllim Elmira Şıxəliyeva çıxış etdi.

Carlı kənd sakini Gülməmməd Eyvazov da həmyerlilərinin minnətdarlıq hisslərini ifadə etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.


Müəllif:

Oxşar xəbərlər