Müşfiq Ələsgərli: “Həqiqətən də, reket mətbuatın yaşamasını stimullaşdıran müəyyən mərkəzlər, yaxud qüvvələr mövcuddur”
Milli Təhlükəsizlik Nazirliyində (MTN) aşkarlanmış qanun pozuntuları ilə bağlı yeni faktlar məlum olub.
Bir sıra media orqanlarında yayılan məlumatlara görə, MTN hədəfə götürdüyü qurumu və ya şəxsi ictimai nüfuzundan asılı olaraq müxtəlif üsullarla ləkələməyə çalışıb, sonra da öz niyyətlərini həyata keçirirmiş. Bu yolda onlar mətbuat rıçaqlarından əhəmiyyətli dərəcədə yararlanmağı bacarıblar. Araşdırma zamanı məlum olub ki, MTN-in nəzarətində bir sıra mətbuat orqanları var və onlar açıq reketçiliklə məşğuldur.
Həmin mətbuat orqanları vasitəsiylə hədəfə götürdükləri “obyekt” əvvəlcə “vurulur”, onların “cinayət əməlləri”, “korrupsiyaya yol vermələri” tirajlanır, sonra isə bunu əllərində əsas götürən MTN-çilər hərəkətə keçib soyğunçuluqla məşğul olurmuşlar.
Ağır cinayətlər törədən MTN-çilər təkcə özlərinin hazırladıqları materialları nəzarətlərindəki mətbu orqanlara ötürüb, sonra əməliyyat qurmaqla kifayətlənməyiblər. Həmçinin xüsusi bir qrup bütün mətbu orqanları izləyib, “vurula” biləcək “obyektlərin” siyahısını hazırlayırmışlar. Hansı qurum və şirkətlə bağlı şikayət və ya tənqidi material çap olunurmuşsa, dərhal onlarla bağlı araşdırılma aparılıb, “basqının” perspektivləri müəyyənləşdirilirmiş.
Vurğulayaq ki, MTN-in sifarişlərini yerinə yetirən həmin reket media qurumlarında Prezidentin məlum məsələ ilə bağlı sərəncamına da rast gəlinmir.
“Onları tamamilə sıradan çıxarmaq mümkün olmayıb”
Mövzu ilə bağlı söhbətləşdiyimiz Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin və qurumun reket jurnalistikaya qarşı mübarizə komissiyasının üzvü Müşfiq Ələsgərli bildirib ki, yayılan məlumatların nə qədər etibarlı mənbələrə söykəndiyini deməkdə çətinlik çəkir: “Bu barədə konkret bir söz deyə bilmərəm. Amma ümumilikdə reket jurnalistika məsələsində bəzi maraqlı nüanslar var ki, onları açmaq istəyirəm. Azərbaycan Mətbuat Şurası həmişə, 2008-ci ildən isə xüsusilə reket jurnalistika ilə mübarizəyə həsr olunan xüsusi proqram həyata keçirib. Bu proqram bəzən güclü, bəzən orta səvviyyədə həyata keçirilib və bu gün də davam etdirilir. Reket jurnalistika ilə mübarizə sahəsində böyük müvəffəqiyyət qazanılmasına baxmayaraq, günü bu gün də onları tamamilə sıradan çıxarmaq, fəaliyyətlərini tamamilə məhdudlaşdırmaq mümkün olmayıb”.
M.Ələsgərli bildirib ki, ortaya belə bir sual çıxır: “Bu cür jurnalistlərin və KİV-lərin təbii ki, oxucu auditoriyası yoxdur. Özləri ictimai qınağa tuş gəliblər. Mətbuat Şurasının ”qara siyahısı"na daxil ediliblər. Bəs, necə olur ki, bu cür KİV-lər yaşayır və günü bu gün də fəaliyyətdədirlər?! Bax, bu məsələ özü çox ciddi bir nüansdır. Belə nəticə çıxır ki, bunların arxasında dayanan, bunları dəstəkləyən və həqiqətən də, bunların yaşamasını stimullaşdıran müəyyən mərkəzlər, yaxud qüvvələr mövcuddur. Əks təqdirdə, aparılan mübarizə effektiv olmalı və bunlar sıradan çıxmalı idi. Bir daha vurğulayıram ki, bunların konkret satışları, alıcı auditoriyası yoxdur, özləri ictimai qınaqla üzləşirlər, Mətbuat Şurasının “qara siyahısı”na düşürlər, onlarla heç kim hesablaşmır. Amma bütün bunlara baxmayaraq mövcuddurlar və kifayət qədər imkanlı şəraitdə yaşayırlar. O zaman belə sual yaranır ki, bunlar hansı mənbələr, hansı dəstək hesabına fəaliyyət göstərirlər? Yəni, ortaya bu cür suallar çıxır".
“Reket jurnalistlər kifayət qədər qapalı, konfidensial informasiyalara çıxışlar əldə edə bilirlər”
Müsahibimiz ikinci əlamətdar məsələ barədə də danışıb: “Biz çox vaxt bu cür jurnalistlərlə reket jurnalistikaya qarşı mübarizə komissiyasında üz-üzə dialoqlar keçiririk. Onlardan şikayət olduqda onları dəvət edir, görüşlər keçiririk. Bu zaman onların həm intellektual səviyyəsi, həm də jurnalistika sahəsindəki bilikləri ilə tanış oluruq. Həmin söhbətlər vaxtı məlum olur ki, bu şəxslərin nə bir intellektual səviyyəsi, nə də media sahəsində peşəkar səviyyələri var. Amma bunlar bəzən rəhbərlik etdikləri KİV-lərdə elə informasiyalar yayırlar ki, onlar kifayət qədər məxfi, əldə edilməsi çətin olan məlumatlar olur. Belə deyək, ümumi jurnalistlərin axtarıb tapa bilməyəcəyi məlumatlar bəzən bu KİV-lərdə dərc olunur. Belə olan təqdridə sual yaranır: intellekti, jurnalist kimi bacarıqları olmayan şəxslər bu cür məlumatlara çıxışı necə əldə ediblər? Bu informasiyaların böhtan və şantaj xarakterli olmasına baxmayaraq, elə faktlar, elə hallar öz əksini tapır ki, bunu nəinki adi, hətta peşəkar jurnalistin və peşəkar bir redaksiyanın axtarıb tapması mümkün deyil. Bax, onlar bu informasiyalara necə çıxırlar, haradan əldən edirlər, kim onlara bu şəraiti yaradır məsələsi uzun müddətdir ki, Mətbuat Şurasının Şikayətlər komissiyasının üzvləri olaraq bizləri çox düşündürür. Fakt odur ki, reket jurnalistlər kifayət qədər qapalı, konfidensial informasiyalara çıxışlar əldə edə bilirlər. Bu məsələ araşdırılmalı və nəticə əldə edilməlidir”.
Səxavət HƏMİD