“Boulevard Hotel Baku”da Xəzər Avropa Klubu (Caspian European Club) Dövlət Gömrük Komitəsi (DGK) ilə birgə biznes-forum keçirib.
Biznes-forumda DGK sədri Aydın Əliyev və müxtəlif şirkətlərin nümayəndələri iştirak ediblər. Prezident İlham Əliyevin hökumətin son toplantısındakı çıxışı və tapşırıqları ilə bağlı danışan komitə sədri ölkə başçısının sahibkarlığın inkişafı üçün böyük imkanlar yaratdığını qeyd edib. Biznes-forumun sonunda DGK sədri sahibkarları maraqlandıran suallarını cavablandırıb. O, deyib ki, avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı DGK-ya daxil olan şikayətlərin heç biri öz təsdiqini tapmayıb: “Əvvəllər tez-tez qarşılaşdığımız məsələ köhnə maşınlarla bağlı idi. Biz onlara deyirik ki, köhnə maşın alarkən əldə etdiyiniz hansısa sənəd əsas sayıla bilməz. Yəni “Lexus” 2 min dollara, yaxud BMW 4 min dollara ola bilməz. Ona görə də xahiş edirik hesablamanızı onunla aparmayasınız. Gömrük idarəsində bununla bağlı ekspertlər fəaliyyət göstərir. Mərkəzi Gömrük Ekspertiza İdarəsinin mütəxəssisləri qanunvericilikdə nəzərdə tutulan qaydada maşına baxaraq avtonəqliyyat vasitəsinə qiymət qoyur və rəsmiləşdirilmə aparılır”.
Aydın Əliyev qeyd edib ki, DGK-nın yeni saytı tərtib edilərkən sayta avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı təxmini kalkulyator da yerləşdirilib.
DGK sədri kommersiya məqsədi olmayan məhsulların idxal rüsumundan azad edilməsi məsələsinə də aydınlıq gətirib. O, deyib ki, kommersiya və istehsalat məqsədilə gətirilən mallar əvvəlki qaydada vergiyə cəlb ediləcək: “Fərmana əsasən, Nazirlər Kabinetinə 3 ay, Dövlət Gömrük Komitəsinə 1 ay vaxt verilib. Bəzən jurnalistlər bunu kommersiya, yaxud istehsal məqsədilə gətirilən mallarla qarışdırırlar. Bu fərman əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün yalnız şəxsi məqsədlər üçün gətirilən mallara aiddir. Mövcud qanunvericiliyə əsasən, kommersiya və istehsal məqsədilə gətirilən mallar vergiyə cəlb ediləcək”.
DGK sədri qeyd edib ki, bu yeniliyin büdcə daxilolmalarına təsirinin fərmanın tətbiqinə başlanıldıqdan sonra öyrənilməsi mümkün olacaq: “Fərmanın tətbiqi ilə bağlı müəyyən mexanizmlər hazırlandıqdan və müəyyən hesablamalar aparıldıqdan sonra bununla bağlı qəti qərar vermək olar”.
Naibə QURBANOVA