29 Oktyabr 2015 15:55
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beş qeyri-hökumət təşkilatı tərəfindən yaradılan “Parlament-2015” Seçki Monitorinq Koalisiyası Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərin monitorinqinə dair hazırladığı aralıq hesabatını təqdim edib.

Teleqraf.com-un məlumatına görə, bununla bağlı mətbuat konfransında koalisiyanın koordinatoru Rufiz Qonaqov bildirib və əlavə edib ki, monitorinq 118 seçki dairəsini əhatə edib.

R.Qonaqov qeyd edib ki, monitorinqin həyata keçirilməsi üçün 500 nəfər müşahidəçi hazırlanaraq 118 seçki dairəsinə ezam edilib: “Onların hazırladığı məlumatlar toplanaraq müqayisəli şəkildə təhlil edilib”.

R.Qonaqov bildirib ki, monitorinq aparılmış bütün dairə və seçki məntəqələrinin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edilib: “Parlamentdə təmsil olunmuş bütün siyasi partiyalar və bitərəf deputatları təmsil edən nümayəndələr dairə seçki komissiyalarında təmsil olunublar. Bütün tərəflərin seçkilərdə bərabər iştirakı təmin edilib. Dairə seçki komissiyaları zəruri texnika və avadanlıqlarla təmin edilib. Səsvermə məntəqələri seçicilərin rahat gəlib səs verə biləcəyi yerlərdə quraşdırılıb. Seçici siyahıları təkmilləşdirilərək Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. Komissiyanın sosial şəbəkədə də səhifəsi var və mütəmadi olaraq orada məlumatlar yerləşdirilir”.

Daha sonra məlumat verən koalisiyanın üzvü Vüqar Bayramov namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesinin qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edildiyini bildirib və namizədlərin imzatoplama kampaniyası zamanı hər hansı maneə olmadığını vurğulayıb.

O, qeyd edib ki, namizədlərin qeydiyyatı prosesində aşkarlığın və şəffaflığın təmin edilməsi məqsədilə qeydə alınan namizədlər haqqında məlumatlar Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib. MSK-ya edilən müraciətlərə şəffaf və qanunvericiliyə uyğun şəkildə baxılıb.

Qeyd edək ki, ölkənin tanınmış vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu “Parlament-2015” Seçki Monitorinq Koalisiyası 2015-ci il oktyabrın 1-də yaradılıb. Qurumun məqsədi noyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hərtərəfli monitorinqini aparmaqdır. Koalisiyanın tərkibinə 5 qeyri-hökumət təşkilatı daxildir: Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (sədr Rufiz Qonaqov), Qarabağ Araşdırılmalar Mərkəzi (sədr Elçin Əhmədov), İqtisadi və Sosial İnkişaf Mərkəzi (sədr Vüqar Bayramov), Tətbiqi Tədqiqatlar Fondu (sədr İbrahim Əliyev), Azərbaycan Tələbələr Birliyi (sədr Elvin Aslanov).


Müəllif:

Oxşar xəbərlər