10 Noyabr 2015 12:54
1 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda ana dilinin xalqımızın həyatındakı rolundan danışarkən onun saflığının qorunub saxlanmasının vacibliyini vurğulayıb. Prezident dilimizə xaricdən müdaxilələr edildiyini və bu müdaxilələrin Azərbaycanda da dəstək qazandığını görəndə çox narahat olduğunu bildirib “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsə, o qədər yaxşıdır. Ancaq hər kəs, ilk növbədə, öz ana dilini bilməlidir. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun”.

Bu gün media orqanlarının ən çox mübahisə mövzularından biri də elə yad dillərin ana dilimizə təsiri və əcnəbi dildə adların və terminlərin yazılışı məsələsidir.

AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmlinin qənaətinə görə, bu məsələdə əcnəbi sözün səslənişi əsas götürülməlidir.

“Ən çox sosial şəbəkə adlarının yazılışı ilə bağlı problemlər olur. “Facebook” sözü xarici dildə necə səslənirsə, elə yazılmalıdır. Şəbəkə adı olduğuna görə hələlik xüsusi halını saxlayaraq böyük hərflə, dırnaqsız yazılmağı doğrudur: Feyzbuk”.

Şöbənin aparıcı elmi işçisi Şahlar Məmmədov bu qənaətin hansı qaydalara əsaslandığını izah edir: “Azərbaycan dilinin öz orfoqrafiya prinsipləri var. Fonetik, morfoloji, tarixi-ənənəvi və başqa prinsiplər arasında əsas fonetik prinsip götürülür və sözlər bu prinsiplə yazılır. Yəni necə səslənirsə, dilimizə necə uyğunlaşdırırıqsa, o şəkildə də yazmağa çalışmalıyıq. Əcnəbi adları əslinə uyğun yazanda əlavə səslər meydana çıxır. Buna görə də yazıya alınma sözlər daxil olanda əlavə problemlər yaranır”.

Qulu Məhərrəmli deyir ki, mübahisə doğuran sözlərin düzgün yazılış qaydasını müəyyənləşdirmək üçün sonuncu istinad nöqtəmiz Orfoqrafiya lüğəti olmalıdır: “Fikrimcə, orfoqrafiya qaydalarını məhdud qrup yazmalıdır və bu qrupda dilin praktikasını bilən adamlar olmalıdır. Dil qaydalarında olan dolaşıqların aradan qaldırılmasında mətbuatın praktik işçiləri aktiv rol oynamalıdır. Bizim isə Dilçilik İnstitutu olaraq hələ ki, əlimizdən ictimai qınağı təşkil etmək gəlir”.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru Şahlar Məmmədovla digər dillərin dilimizə təsirini müzakirə edirik. Şahlar Məmmədov xüsusilə ərəb dilinin Azərbaycan dilinə təsirindən danışır. Onun fikrincə, ərəb dilindən alınma sözlər dilimizin lüğət tərkibinin rəngini dəyişməklə yanaşı, qrammatikasına da köklü şəkildə təsir edib: “Azərbaycan türkcəsində ərəb dilinin təsiri bir qədər qorxulu tendensiya yaradıb. Dilin özünün qanunauyğunluq sistemi var, sözlərdən hansının qalıb-qalmayacağını dil özü nizamlayır. Təhlükəli olan digər dilin birbaşa sənin dilinin qrammatikasına təcavüz etməsidir. Ərəb dili kimi. Azərbaycan dilində cins kateqoriyası anlayışı yoxdur. Amma ərəb dilinin təsirinə baxın ki, qadın cinsində olan – at, ət şəkilçili sözlər dilimizə daxil olaraq cins kateqoriyası yaradıb.

Bu gün biz – at, ət, – iyyat, iyyət şəkilçilərini müzakirə edirik ki, bunların üzərinə cəm şəkilçisi artırmaq olmaz: “ədəbiyyatlar”, “mədəniyyətlər” deyə bilmərik. Ümumiyyətlə, bu məsələdə “y” səsinin birinin düşməsi ilə əlaqədar dildə islahat aparmaq lazımdır. Deyilişdə “y” səsinin biri tələffüz edilir. Digər “y” səsi ikinci bir məna ifadə etmirsə, israfçılıq nəyə lazımdır?

Apostrof ərəb dilinin təsirilə dilimizə düşən artıq işarədir. Niyə də çıxarmayaq? Yad elementlər dildən uzaqlaşdırılmalıdır. Dildə sadələşmə prosesinə getmək artıq bir zərurətdir”.

Şahlar müəllim təklif edir ki, ərəb dilinin xüsusiyyətlərini Azərbaycan dilində göstərən ayrıca elektron tövsiyələr hazırlansın: “Dilimizdə ərəb sözləri çox olsa da, onların xüsusiyyətlərindən xəbərsizik. Şagirdlər, tələbələr bilmir ki, “məlumat”, “təşkilat”, “təfərrüat” sadə yoxsa düzəltmə sözdür. Heç bir çox dilçi də bunu dəqiq bilmir. Bu da məlumatsızlqıdan qaynaqlanır. Orta məktəb bazasında vaxtında bu məsələ izah edilsəydi, dərindən araşdırılsaydı, məlum olardı ki, həmin sözlər sadə yoxsa düzəltmədir, cəmlik şəkilçisinin üstünə əlavə cəm artırmaq olar, yoxsa yox?”

Müsahibimiz Azərbaycan dilinin lüğət tərkibinin 50-60 faizinin ərəb sözlərindən ibarət olduğunu bildirir. Onun sözlərinə görə, sonuncu dəfə tərtib edilən Orfoqrafiya lüğətinə əlavə edilən 30 minə qədər yeni sözün böyük əksəriyyəti alınma sözlərdir: “Yeni sözlərin 3-5 faizini çıxmaq şərtiylə hamısı alınma sözlərdir. Səbəb isə həmin sözlərin qarşılığının tapılmasıdır.

İslam dini Allah haqqında təsəvvürləmizi formalaşdırmaqla yanaşı, onun gətirdiyi dəyərlər bizim dəyərlərimizi məhv elədi. Əlifbamızdan əsər-əlamət qalmadı. Biz hələ də qədim əlifbadan danışanda Qobustan qaya təsvirlərindən, Manna yazısından danışırıq. Sanki ortada bir boşluq var.

Ərəb dili din adı altında yazı dilimizə, kargüzarlıq sənədlərinə qədər daxil olub, zəbt edib. Ərəb dili Azərbaycan dilinin inkişafını tormozlayıb”.

Həmsöhbətimiz gündəlik danışıq dilində Azərbaycan dilinin ərəb dilinə uduzduğunu deyir: “Biz alınma sözlərin əleyhinə deyilik, bunun qarşısını almaq da mümkün deyil. Əsas məsələ odur ki, bu tip sözlər dilin laylarına, fonetik, leksik, qrammatik, sintaktik səviyyələrinə zərbə vurmasın. Bir cümlədə 14 sözün 9-u alınma sözdürsə, biz o dili necə duya bilərik. Hər gün ingilis dilindən dilimizə sözlər daxil olmaqla Azərbaycan dilinin fonoloji sisteminə ciddi təsir göstərir. Söhbət təkcə bir hərfdən – w, g, c-dən getmir. Demək olar ki, ingilis dilinin səs sistemi Azərbaycan dilinin yazısında oturub. Belədirsə, bizim dil varlığımız hanı?”

Sevinc


Müəllif: