Uşaq beşiyi, divan, çarpayı və digər məişət əşyaları. Yox elə bilmiyin ki, bu bir reklamdır. Bunlar Ağcabədi rayonundakı qəbristanlıqdan tapılan əşyalardır.
Qəbristanlığın nəzarətçisi Teleqraf.com-un əməkdaşı ilə söhbətində bildirib ki, bu cür əşyaları buradan çox tez-tez tapmalı olur. Bəs bu əşyaların məzarlıqda nə işi var?
Qeyd edək ki, Ağcabədi rayonunda ən iri məzarlıqlardan biri də Üzeyir qəbristanlığıdır. Bu qəbristanlıq böyük olduğu qədər də qədimliyi ilə diqqət çəkir. Lakin son zamanlar bu yer qədimliyi və böyüklüyü ilə deyil, buraya atılan məişət tullantılarının çoxluğuyla diqqət çəkir. Qəbristanlığın nəzarətçisi buradan dəfələrlə tullantıların toplanmasını təşkil etdiyini deyir. Ancaq onu və sakinləri narahat edən başqa bir məqam odur ki, qəbirlərin üstübdəki əklil və güllərlə yanaşı buraya başqa məişət tullantıları da atılır. Qəbristanlığın nəzarətçisi Seyid Yunis Seyidəsədoğlu deyir ki, dəfələrlə buradan divan, kreslo və digər ev əşyaları da tapıb:
"Dəfələrlə olub ki, burdan müxtəlif məişət tullantıları yığmışam. Qardaş nə qədər olar axı? Bu bir tərəfdən sakinlərin günahıdırsa, digər tərəfdən də ziyarətə gələnlər burada zibillik yaradır".
Seyid Yunis deyir ki, ziyarətə gələnlərin səhlənkarlığı və məzarlığa olan hörmətsizliyi bu ərazidə sahibsiz itlərin və vəhşi heyvanların çoxalmasına da səbəb olur: "Bununda nəticəsidir ki, bir neçə məzar yırtıcılar tərəfindən eşilib. Qəbristanlıqda qəbirlərin üstündə olan güllər, əklillər yığılıb atılır bir yana. Qalaqlanan zibilliyin də üstünə gətirib nə gəldi atırlar. Yemək qırıntıları bu ərazidə sahibsiz itlərin, yırtıcıların çoxalmasına səbəb olur. İnanın yırtıcılar bir neçə qəbiri eşiblər. O qəbirləri sizə göstərə də bilərəm".
Nəzarətçi onu da bildirdi ki, qəbristanlığın ətrafına tullantıların atılmasının əsas səbəbi yaxınlıqdan keçən şor kanalın vaxtında təmizlənməməsidir: "Bu hal ərazidə qamışlığın yaranmasına səbəb olur. Sakinlər də özlərini əziyyətə salmamaq üçün tullantıları bu qamışlığa atırlar".
Kanalın təmizlənməsinə cavabdeh olan Ağcabədi Su Melorasiya İdarəsindən bildirdilər ki, sakinlərin narazılığı ilə tam razıdırlar. Məsələ ilə bağlı sözügüdən əraziyə baxış keçirilib. Kanalın təmizlənməsinin qısa müddət ərzində həyata keçirilməsinə söz verilib.
Xalid Salmanbəyli