Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Dövlət başçısı Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə qərara alıb ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılsın.
Fərmanla müəyyən edilir ki, Sumqayıt şəhərinin inzibati ərazisində "Pilot layihə" çərçivəsində sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.
Nazirlər Kabinetinə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi işçilərinin say həddi barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti işçilərinin say həddinə bir ay müddətində yenidən baxmaq və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmanla yaradılan Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin maddi-texniki təminatı məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Sumqayıt Şəhər İcra Hakimiyyəti bu fərmanla yaradılan Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasnaməsini Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etməlidir.