11 Dekabr 2015 18:16
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 62-ci iclasında iştirak edən Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 11-də Rusiya Federasiyasının Yessentuki şəhərində bir sıra ikitərəfli görüşlər keçirib.

DGK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Aydın Əliyev ilk olaraq Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninovla görüşüb. Görüşdə kənd təsərrüfatı məhsullarının sərhəd-keçid məntəqəsindən daha sürətli keçidinin təmin edilməsi və iki ölkə arasında kadr hazırlığı məsələləri müzakirə edilib.

Görüşdə gömrük işi sahəsində ikitərəfli əməkdaşlığın müzakirəsi, o cümlədən “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol” layihəsinə dair fikir mübadiləsi aparılıb.

Aydın Əliyevin növbəti görüşü MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasında müşahidəçi qismində iştirak edən Slovakiya Respublikasının Maliyyə Administrasiyası rəhbərinin müavini xanım Miqer Dana ilə baş tutub. Görüşdə iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Daha sonra DGK sədri Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsi sədrinin müavini Amrin Qosman ilə görüşüb. Görüşdə Azərbaycan və Qazaxıstan arasında tranzit yüklərin hərəkətinin daha da sadələşdirilməsi və Aktau limanında Azərbaycandan gələn malların gömrük prosedurlarında yaranan maneələrin aradan qaldırılması məsələlərinə baxılıb.

Aydın Əliyevin daha bir görüşü Rusiya Federal Gömrük Xidməti Şimali Qafqaz Regional Gömrük Xidmətinin rəhbərliyilə keçirilib. Görüşdə iki ölkə arasında keçid məntəqələri üzrə gömrük əməliyyatları, gömrük nəzarətinin təşkili, qarşılıqlı yardım və əməkdaşlıq məsələləri müzakirə edilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər